Pensiya alanlara ŞAD XƏBƏR: Artımlar belə olacaq

Sosial

26.01.2026 10:03

“Əmək pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşların pensiya kapitalı da indeksləşdirilərək hər il artırılır”.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov  deyib.


Deputat bildirib ki, sözügedən qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir:

“Yəni, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılır. Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2025-ci ildə illik inflyasiya səviyyəsi 5,6 faiz olub. Bu o deməkdir ki, vətəndaşlarımızın 1 yanvar 2026-cı il tarixinə olan pensiya kapitalları 5,6 faiz artırılacaq. Belə ki, əgər vətəndaşın 40 min manat pensiya kapitalı varsa, onun yığımına 2 min 240 manat əlavə olunacaq. Nəticədə, həmin vətəndaşımızın pensiya kapitalı 42 min 240 manat olacaq”.

Parlamentari vurğulayıb ki, pensiya kapitalının indeksləşdirilərək artırılması ilə bağlı gələn ayın əvvəllərində Azərbaycan Prezidenti tərəfindən sərəncamın imzalanacağı gözlənilir. Bununla da istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçiriləcək.

V. Bayramov, həmçinin qeyd edib ki, pensiya inflyasiya sisteminə, əmək pensiyalarına və orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq fərqli mexanizmlərlə indeksləşdirilir:

“Pensiya kapitalının indeksləşdirilməsi yığılan pulları inflyasiyadan qorumaq məqsədi daşıyır. Məqsəd həmin vəsaitlərə qiymət artımlarının təsirlərini minimumlaşdırmaqdır. Pensiya kapitalının indeksləşdirilməsi ilə pensiyaların indeksləşdirilərək artırılması eyni anlama gəlməməlidir. Pensiya kapitalı inflyasiya səviyyəsinə, əmək pensiyaları isə əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq artırılır. Pensiya kapitalında artım 5,6 faiz olsa da, əmək pensiyalarının 9,2 faiz artacağı gözlənilir”.

Jalə Rövşən

TodayPress TV

tag: Vüqar Bayramov ,Pensiya kapitalı ,Artım ,“Əmək pensiyaları” haqqında Qanun,Todaypress.tv,