Mal ətinin qiyməti artıb? - RƏSMİ AÇIQLAMA
Bakıda mal ətinin qiymətində artım olduğu bildirilir.
TodayPress TV bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sorğu göndərib.
Hazırda satış məntəqələrində sümüklü mal ətinin 1 kiloqramının 19 manata, sümüksüz mal ətinin isə 23 manata satıldığı bildirilir. Satıcılar qiymət artımını heyvan sayının azalması ilə əlaqələndirirlər.
Agentlikdən sorğuya cavab olaraq bildirilib ki, dövlət tərəfindən qiymətləri tənzimlənən malların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 nömrəli qərarı ilə təsdiq edilib.
Qeyd olunub ki, digər malların qiymətləri isə bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur. “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna əsasən də sahibkarlar qanunvericiliyin tələblərinə əməl etməklə öz məhsullarının qiymətlərini sərbəst müəyyən etmək hüququna malikdirlər.
Agentlik vurğulayıb ki, istehlak bazarında sahibkarlar məhsulları müxtəlif qiymət və şərtlərlə təklif edə bilərlər. İstehlakçı isə öz ehtiyacına uyğun olaraq məhsulu qiymət və istehlak xassələrini nəzərə almaqla sərbəst seçə bilər.
Bununla yanaşı, Agentlik tərəfindən əsassız qiymət dəyişikliklərinin qarşısının alınması və qiymətlərin formalaşması zamanı rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparılır.
Bildirilib ki, monitorinqlər zamanı əldə olunan məlumatlar təhlil edilir və hər hansı pozuntu aşkarlandıqda qanunvericiliyə uyğun tədbirlər görülür.
Agentlikdən həmçinin qeyd olunub ki, mal ətinin qiymətindəki artımın rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini təsdiqləyən sənəd və məlumatlar təqdim olunarsa, məsələ qanunvericiliyə uyğun şəkildə araşdırıla bilər.
Qurum statistik məlumatların təqdim edilməsi ilə bağlı isə müvafiq sahədə səlahiyyətli dövlət orqanına müraciət edilməsini tövsiyə edib.
Kübra Musayeva