Din xadimləri Şuşada bərpa olunan abidələri ziyarət etdilər
Türkiyə, Gürcüstan və İraqdan olan Azərbaycan əsilli, eləcə də ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib.
TodayPress TV xəbər verir ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Zəfər yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində baş tutub.
Sentyabrın 8-də Şuşada olan nümayəndə heyəti Şuşa qalasını, “Yuxarı Gövhər Ağa” və “Aşağı Gövhər Ağa” məscidlərini, Cıdır düzünü, şəhərin mərkəzi meydanında işğal dövründə güllələnmiş görkəmli Azərbaycan şəxsiyyətlərinin büstlərini, həmçinin Vaqif müzey-məqbərə kompleksini ziyarət edib.
Qonaqlara Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə mədəni irsin qorunması istiqamətində görülən işlər barədə məlumat verilib. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun tarix, mədəniyyət və dini abidələrin bərpası sahəsində həyata keçirdiyi layihələr diqqətə çatdırılıb.
Bildirilib ki, Şuşada “Yuxarı Gövhər Ağa”, “Aşağı Gövhər Ağa”, “Saatlı”, “Mamayı”, “Çöl Qala” və “Daşaltı” məscidləri ilkin tarixi-memarlıq üslubuna uyğun şəkildə bərpa olunub.
Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri çərçivəsində Zəngilan şəhərində, Xocavənd rayonunun Hadrut qəsəbəsində və Ağdərə rayonunun Suqovuşan kəndində yeni məscidlərin də inşa edilərək istifadəyə verildiyi qeyd olunub.
Bundan başqa, Şuşadakı “Qazançı” kilsəsində ilkin orijinal görkəminə uyğun rekonstruksiya işlərinin aparıldığı bildirilib.
Din xadimləri Şuşada həyata keçirilən quruculuq işləri və bərpa olunan dini, tarixi-mədəni irs nümunələri ilə əyani tanış olmaq üçün yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.