Biləcəri yolundakı təmir sıxlığa səbəb oldu: "Sentyabrın 15-nə qədər işlər yekunlaşmalıdır"
Biləcəri enişinin nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanması paytaxtın nəqliyyat sistemində ciddi problemlərə və böyük sıxlığa səbəb olub. Xüsusilə günün pik saatlarında əsas yollarda və alternativ istiqamətlərdə uzun tıxaclar yaranıb, sürücülər saatlarla yollarda qalmalı olublar.
Məsələ ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, Biləcəri enişində aparılan təmir işləri müvəqqəti xarakter daşıyır və müəyyən müddətdən sonra yekunlaşacaq:

"Təmir işləri aparılan zaman narazılıqların yaranması təbiidir. Lakin yol istifadəyə verildikdən və rahatlıq təmin olunduqdan sonra bu çətinliklər geridə qalır. Əlbəttə ki, təmir prosesi operativ, sürətli və keyfiyyətli həyata keçirilməlidir ki, sonradan təkrar bərpa işlərinə ehtiyac yaranmasın. Sürücülərdən və sərnişinlərdən bu müvəqqəti prosesdə bir az səbir və anlayış göstərmələri xahiş olunur".
Ekspertin sözlərinə görə, bir istiqamətdə yolun bağlanması şəhərin ümumi nəqliyyat axınına paralyzedici təsir göstərməməlidir:
"Əslində, Biləcəri enişinin təmirə bağlanması digər küçə və prospektlərdə bu dərəcədə kəskin sıxlıq yaratmamalıdır. Lakin həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sayının çoxluğu və alternativ yollardakı məhdudiyyətlər müəyyən gərginlik formalaşdırır. Sentyabrın 15-nə kimi, yəni yeni tədris ilinin başlamasına qədər paytaxtın əsas magistrallarında və mərkəzi küçələrində aparılan bütün təmir-tikinti işləri yekunlaşmalıdır. Məktəblər açıldıqdan sonra nəqliyyatın sıxlığı daha da artacaq. Ona görə də aidiyyəti qurumlar qeyd olunan vaxta qədər işləri tam başa çatdırmağa borcludurlar", - deyə o, fikrini tamamlayıb.
Türkan İsgəndərli