Az işləyən az qazanacaq: Saatlıq sistem kimə sərf edir?
Sosial
30.04.2026 14:31
Azərbaycanda əməkhaqqı sistemində dəyişiklik gözlənilir. Belə ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saatlıq əməkhaqqı sisteminə keçidlə bağlı qanun layihələri üzərində işləyir. Yeni modelə görə əməkhaqqı aylıq deyil, işlənilən saatlara əsasən hesablanacaq.
Sosioloq Elçin Bayramlı mövzu ilə bağlı TodayPress TV-yə bildirib ki, əməkhaqqı ödəniş sistemi müxtəlif ölkələrdə fərqli üsullarla aparılır.

Onun sözlərinə görə, bu model düzgün tənzimlənməzsə, bəzi aylarda işçilərin gəlirlərinin kəskin azalmasına səbəb ola bilər:
"Saatlıq əməkhaqqı sistemi ilk baxışdan daha çevik və ədalətli görünsə də, praktiki tətbiq zamanı problemlər yarana bilər. Adi qaydada, məsələn, bir işçi ayda 500 manat maaş alırsa, bu məbləğ saatlara bölünür. Tutaq ki, saatlıq 2-3 manat edir. Amma bəzi aylarda, xüsusilə bayramların və qeyri-iş günlərinin çox olduğu dövrlərdə iş saatları azalır və nəticədə əməkhaqqı da aşağı düşür. Belə olan halda həmin işçi 500 manat yox, 300 manat ala bilər".
Ekspert əlavə edib ki, bu yanaşma işçilərin sosial rifahına mənfi təsir göstərə bilər. Onun fikrincə, saatlıq sistem tətbiq olunarsa, minimum təminat mexanizmi mütləq nəzərdə tutulmalıdır:
"Heç olmasa elə bir sistem qurulmalıdır ki, işçi minimum maaşını alsın. Məsələn, 500 manatlıq əməkhaqqı müəyyən edilibsə, iş saatlarından asılı olmayaraq bu məbləğdən aşağı düşməməlidir. Əksinə, iş saatı çox olduqda əməkhaqqı arta bilər. Əgər işçi dövlət qərarına görə işləyə bilmirsə, bu onun günahı deyil. Ona görə həmin günlər də standart iş saatı kimi hesablanmalı və əməkhaqqına daxil edilməlidir. Əks halda, məsələn mart ayında iş günlərinin az olması səbəbindən maaşlar kəskin azalacaq".
Sosioloq vurğulayıb ki, yalnız işçinin öz təşəbbüsü ilə işə çıxmadığı hallarda həmin saatların ödənilməməsi ədalətli hesab edilə bilər. O hesab edir ki, düzgün qurulmuş saatlıq sistem əmək məhsuldarlığını da artıra bilər:
"Əgər mexanizm düzgün işləsə, daha çox işləyən daha çox qazanacaq, az işləyən isə az alacaq. Bu da sosial ədalət prinsipinə uyğun olar. Məsələ hələ müzakirə mərhələsindədir və yekun mexanizmin necə olacağı açıqlanmalıdır. Əsas odur ki, sistem elə qurulsun ki, işçilərin hüquqları qorunsun və xüsusilə iş günlərinin az olduğu aylarda onların gəliri azalmasın", - deyə Elçin Bayramlı fikrini tamamlayıb.
Türkan İsgəndərli
tag: Elçin Bayramlı,Sosioloq,Saatlıq sistem,Əməkhaqqı,Todaypress.tv,
