Kredit borcu olanlar oxusun - Milli Məclis yeni maliyyə mexanizmini təsdiqlədi
Seküritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılması, kapital bazarının inkişafı və yeni maliyyə alətlərinin tətbiqi nəzərdə tutulur.
TodayPress TV xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin plenar iclasında “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verərkən deyib.
Deputat bildirib ki, qanun layihəsi Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərə uyğun hazırlanıb və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində geniş müzakirə olunub. Müzakirələrdə Mərkəzi Bankın rəhbərliyi də iştirak edib.
Onun sözlərinə görə, Azərbaycanın innovativ iqtisadiyyatının inkişafı fonunda kapital bazarlarının inkişafı daha da prioritetləşib. Müasir trendlər kapital bazarında yeni sahələrin formalaşdırılması ilə yanaşı, yeni maliyyə alətlərindən istifadənin genişləndirilməsini də zəruri edir.
Vüqar Bayramov qeyd edib ki, qanun layihəsi 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq seküritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılması məqsədilə hazırlanıb. Layihə hazırlanarkən beynəlxalq təcrübə, digər ölkələrin müvafiq qanunvericiliyi və Azərbaycanın kapital bazarının xüsusiyyətləri nəzərə alınıb.
Deputat seküritizasiya termininin mahiyyətinə də aydınlıq gətirib. O bildirib ki, bu termin beynəlxalq təcrübədə, o cümlədən region ölkələrində istifadə olunur.
“Burada qarışdırılan məqam security sözünün təhlükəsizlik mənası ilə bağlıdır. Lakin security təhlükəsizlik, securities isə qiymətli kağızlar deməkdir. Söhbət təhlükəsizlikdən deyil, qiymətli kağızlarla, yəni kapital bazarı ilə bağlı olan termindən gedir”, – deyə deputat vurğulayıb.
O bildirib ki, seküritizasiya sadəcə qiymətli kağızların buraxılması deyil, aktivlər əsasında maliyyə vəsaitlərinin cəlb edilməsini nəzərdə tutan prosesdir.
Vüqar Bayramovun sözlərinə görə, qanun layihəsi Azərbaycanda seküritizasiya fəaliyyətinin əsaslarını, bu sahədə fəaliyyət göstərən şirkətlərə dair tələbləri, aktivlərin həmin şirkətlərə satılması qaydalarını, müvafiq planın təqdim edilməsi və təsdiqini, qiymətli kağızların emissiyasını, risklərin qiymətləndirilməsini və şəffaflıq tələblərini müəyyən edir.
Deputat izah edib ki, seküritizasiya kreditorlara sahib olduqları aktivlərdən gələcəkdə əldə edəcəkləri pul vəsaitlərini vaxtından əvvəl almaq imkanı verən maliyyə alətidir. Bu zaman kreditor həmin aktivləri müəyyən endirimlə başqa şirkətə sata, şirkət isə satın aldığı aktivlər əsasında qiymətli kağızlar buraxa bilər. Həmin qiymətli kağızlar üzrə ödənişlər aktivlərdən daxil olan pul vəsaitləri hesabına həyata keçirilir.
Onun sözlərinə görə, bu mexanizm problemli və qeyri-işlək kreditlərin kredit portfelindəki payının azaldılmasına da imkan yarada bilər.
Vüqar Bayramov qeyd edib ki, qanun layihəsində seküritizasiya prosesinin iştirakçılarına, o cümlədən aktivləri satan ilkin kreditora və qiymətli kağızları emissiya edən şirkətə dair tələblər, onların hüquq və vəzifələri, eləcə də prosesin həyata keçirilməsi mexanizmləri müəyyənləşdirilir.
Deputat bildirib ki, seküritizasiya prosesinin Mərkəzi Bank tərəfindən təsdiqlənən plan əsasında həyata keçirilməsi nəzərdə tutulur. Planda prosesin iştirakçıları, seküritizasiyanın predmeti olan aktivlər, mövcud risklər, həmin risklərin azaldılması üsulları və aktivlərin qiymətləndirilməsi ilə bağlı məlumatlar əksini tapmalıdır.
O, risklərin azaldılması üçün nəzərdə tutulan mexanizmlərə də toxunub. Bildirib ki, aktivləri satan şirkətlərin satdıqları aktivlər üzrə kredit riski balanslarında saxladıqları eyni növ aktivlərin kredit riskindən yüksək olmamalıdır. Eyni zamanda, həmin şirkətlər satdıqları aktivlər əsasında buraxılan seküritizasiya qiymətli kağızlarının ən azı 5 faizini əldə etməli və bu investisiyaları tədavül müddətinin sonunadək saxlamalıdırlar.
Layihədə aktivlər üzrə pul vəsaitləri ilə bağlı ödənişlərin təminat mexanizmləri, həmçinin fərqli kredit risklərinə malik bir neçə buraxılış üzrə qiymətli kağızların emissiyası imkanları da nəzərdə tutulur.
Vüqar Bayramovun sözlərinə görə, seküritizasiya üzrə yeni prosedurların tətbiqi qiymətli kağızlar bazarında likvidliyin artmasına şərait yarada bilər.
Deputat əlavə edib ki, qanun layihəsi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində geniş müzakirə olunub və dəstəklənib.
Qeyd edək ki, qanun layihəsi səsə qoyularaq Milli Məclisdə birinci oxunuşda qəbul edilib.
Qiymət Mahir