MŞ-nin yeni sədri kimdir? - DOSYE
Vüqar Zifər oğlu Əliyev 12 oktyabr 1978-ci ildə Bakı şəhərində anadan olub.
TodayPress TV xəbər verir ki, o, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanıdır.
Vüqar Əliyev 1985–1995-ci illərdə Osman Mirzəyev adına 190 saylı orta məktəbdə təhsil alıb. 1995–2001-ci illərdə Bakı Dövlət Universitetində beynəlxalq jurnalistika ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
O, 2005-ci ildə “Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı” mövzusunda namizədlik dissertasiyasını, 2017-ci ildə isə “Müasir dövrdə xarici KİV-də informasiya ilə manipulyasiya və onun Azərbaycanın internet mediasına təsiri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Əmək fəaliyyətinə 1999-cu ildə müxtəlif mətbuat orqanlarında başlayan Vüqar Əliyev 2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında baş laborant vəzifəsində çalışıb. 2004–2006-cı illərdə də universitetdə baş laborant kimi fəaliyyətini davam etdirib. 2006-cı ildən BDU-nun Beynəlxalq jurnalistika kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışan Əliyev 2010–2017-ci illərdə “Jurnalistika” Elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib.
2017-ci ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı vəzifəsini icra edən Vüqar Əliyev elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, beynəlxalq jurnalistika sahəsində də fəaliyyət göstərir. O, həmçinin bloqqer kimi tanınır.
Vüqar Əliyev 2022-ci ildə keçirilən Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.
Ailəlidir, iki övladı var.
Türkan İsgəndərli