Möminə xatun türbəsinin bərpasına 10 milyon manat ayrıldı - SƏRƏNCAM
Siyasət
16.03.2026 12:38
Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon 566 min (doqquz milyon beş yüz altmış altı min) manat vəsait ayrılıb.
TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, XII əsr Azərbaycan memarlığının görkəmli nümunəsi olan Möminə xatun türbəsinin kompleks bərpası və konservasiyası işlərinin davam etdirilməsi məqsədilə imzalanıb.
Sərəncama görə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
tag: Prezident,İlham Əliyev,Sərəncam,İmza,Todaypress.tv,
