İran müharibəsinin türk dünyası üçün dərsləri nələr oldu? - Türk generalla müsahibə VİDEO

Siyasət

15.04.2026 17:11

TodayPress TV Türkiyənin istefada olan generalı Yücel Karauz ilə regionda baş verən hərbi-siyasi prosesləri müzakirə edib.

Müsahibəni təqdim edirik: 

-Son zamanlar bölgədə iqtisadi baxımdan yeni layihələrin icrasına dair çox işlər görülüb. Məsələn, Zəngəzur dəhlizinin açılması böyük bir imkan kimi dəyərləndirilir və Orta dəhlizin reallaşdırılması istiqamətində mühüm addım hesab olunur. Bu çərçivədə bölgədə Azərbaycan, Türkiyə və digər ölkələrin daxil olduğu əməkdaşlıq və tərəfdaşlıq hədəfləri hansı mərhələdədir?    

 "Hər şeydən öncə, bunu Cənab Ali Baş Komandanın bu bölgə ilə bağlı həyata keçirdiyi siyasətlə birbaşa əlaqəli və onun davamı kimi qiymətləndirmək lazımdır. Çünki ABŞ, İsrail  və İran arasında baş verən son münaqişə prosesi Orta Dəhlizin əhəmiyyətini bir daha göstərdi. Azərbaycanın sabitlik, sülh və iqtisadi inkişaf naminə illərdir həyata keçirdiyi siyasətin nə qədər doğru olduğu açıq şəkildə görünür. Hazırda baş verən hadisələr, logistika təhlükəsizliyi ilə bağlı çətinliklər, Rusiya-Ukrayna müharibəsi, enerji və nəqliyyata çıxış məsələləri logistikanın ən qısa və ən təhlükəsiz marşrutlarla həyata keçirilməsinin vacibliyini daha da artırır. Bu baxımdan, Orta Dəhlizin əhəmiyyəti yenidən ön plana çıxır və Türkiyə ilə Azərbaycan bu dəhlizin daha da güclənməsi üçün uzun illərdir sülhə, sabitliyə və əməkdaşlığa töhfə verir. Xüsusilə Türkiyə, Azərbaycan və Gürcüstan arasında həyata keçirilən siyasi, iqtisadi və hərbi əməkdaşlıq bölgədə sülh və sabitliyin möhkəmlənməsinə ciddi töhfə verir. Azərbaycan Prezidentinin Gürcüstana səfəri və Azərbaycanın bu ölkəyə qarşı uzun illərdir apardığı müsbət siyasət, eləcə də Türkiyənin Gürcüstana göstərdiyi diqqət və səmimi tərəfdaşlıq münasibətləri bu əməkdaşlığın gücünü göstərir. Nəticə etibarilə, Orta Dəhlizin əhəmiyyəti getdikcə artacaq, logistika imkanları genişlənəcək. Bunun əsas səbəblərindən biri də Azərbaycanın öz torpaqlarını azad etməsi və bölgədə güclü dövlət kimi mövqeyini möhkəmləndirməsidir. Azərbaycanın həm siyasi, həm iqtisadi gücü və sülhə yönəlmiş siyasəti Orta Dəhlizin daha da inkişaf etməsinə və cəlbedici bir marşruta çevrilməsinə şərait yaradır. Yaxın gələcəkdə bu siyasətin nəticələrinin daha aydın şəkildə göründüyü, əməkdaşlıq çərçivəsində inkişafın daha da sürətləndiyi bir dövrün şahidi olacağıq"     

-Amerika–İran qarşıdurması bölgədə hərbi vəziyyətin nə qədər həssas olduğunu göstərir. Bu baxımdan, Şuşa bəyannaməsindən çıxış edərək Azərbaycan və Türkiyə konkret olaraq hansı təhdidlərə qarşı hansı hərbi imkanlara malikdir?

"Türkiyə və Azərbaycanın Şuşa Bəyannaməsi ilə zirvəyə çatan münasibətlərini sadəcə iki ölkə arasında əlaqə kimi görmək düzgün deyil. Yəni, NATO-nun 5-ci maddəsində olduğu kimi, Türkiyəyə qarşı edilən hər hansı hücum bundan sonra Azərbaycana qarşı, Azərbaycana qarşı edilən hücum isə Türkiyəyə qarşı sayılır. Bu, dünyada bənzəri az olan qardaşlıq və strateji əməkdaşlığın nəticəsidir. Düzdür, son 40 günlük müharibənin əvvəlində İran tərəfindən həm Azərbaycana, həm də müəyyən fəaliyyətlərə qarşı atılan addımlarda Türkiyə və Azərbaycan hər zamankı kimi bir-birini dəstəklədi, açıqlamalar verdi və bir-birinin yanında olduğunu göstərdi. Bu bəyannamə yalnız Türkiyə ilə Azərbaycanın əlaqələrini gücləndirmədi. Eyni zamanda “Orta Dəhliz” və Türk dünyasının inteqrasiyası baxımından da böyük rol oynadı. Bu proses Türk Dövlətləri Təşkilatı-nın daha da güclənməsinə səbəb oldu. Əslində, bu təşkilatın əsası Naxçıvan Sazişi ilə qoyulmuşdu və sonradan daha geniş struktura çevrildi. Türkiyə və Azərbaycan çətin günlərdə – müharibədə, təbii fəlakətlərdə, böhranlarda – hər zaman birlikdə olduqlarını dəfələrlə sübut ediblər. Bu birlik həm regionda təhlükəsizlik baxımından, həm Orta Dəhlizin qorunması, həm də Yaxın Şərqə açılan siyasətlərdə ciddi rol oynayır. Bu münasibətlərin əsas memarları Recep Tayyip Erdoğan və İlham Əliyev hesab olunur. Bu gün iki ölkə arasında hər il onlarla birgə hərbi təlim keçirilir və əməkdaşlıq davamlı şəkildə güclənir. Şuşa ruhu artıq təkcə Türkiyə-Azərbaycan münasibətləri ilə məhdudlaşmır. Bu ruh Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə-Azərbaycan-Pakistan kimi əməkdaşlıqlarda da özünü göstərir və daha geniş coğrafiyada təsir yaradır. Nəticə etibarilə, bu birlik dostlara güvən verir, düşmənlərə isə ciddi mesajdır — bu, güclü həmrəylik və qardaşlıq nümunəsidir". 

-Azərbaycan, Türkiyə və Pakistan daxil olmaqla regional təhlükəsizlik kontekstində bu ölkələrin hərbi-texniki imkanları hansı səviyyədədir? Nəzərə alsaq ki, Türkiyənin Suriya əməliyyatlarından bir neçə il, Azərbaycanın Qarabağ müharibəsindən isə müəyyən müddət keçib və bu dövrdə dünyada döyüş üsulları dəyişib — bu dəyişikliklər fonunda həmin ölkələrin hərbi texnologiyaları və hazırlıq səviyyəsi nə dərəcədə effektiv və müasir hesab olunur?

"Türkiyə Respublikasının müdafiə sənayesinin gəldiyi səviyyə artıq aydın şəkildə görünür və xüsusilə pilotsuz uçuş aparatları sahəsində Türkiyə dünyada ən qabaqcıl ölkələr sırasına daxil olub. Bu sistemlər həm Türkiyənin terrorla mübarizəsi zamanı, həm Qarabağ müharibəsində, həm Liviya və Somalidəki əməliyyatlarda, həm də Rusiya–Ukrayna müharibəsində real döyüş şəraitində sınaqdan keçirilib və təkmilləşdirilib. Silah sistemləri üçün ən vacib amil onların məhz döyüş meydanında istifadə olunması və əldə edilən təcrübə əsasında inkişaf etdirilməsidir.  Bu baxımdan Türkiyə həm NATO daxilində ən güclü ordulardan birinə sahibdir, həm də regional deyil, daha geniş miqyasda təsir gücünə malik dövlətdir.  Azərbaycana gəldikdə, Qarabağ zəfərindən sonra ölkə artıq Qafqazın ən güclü dövlətlərindən birinə çevrilib və güclü orduya sahib olduğunu sübut edib.  Pakistan isə mövcudluğunu böyük ölçüdə güclü silahlı qüvvələrinə borcludur və xüsusilə hava qüvvələri sahəsində yüksək potensiala malikdir. Bu ölkə hərbi texnologiyalarını, raket sistemlərini, təyyarələrini və digər texnikasını daim yeniləyir və inkişaf etdirir.  Bu üç ölkənin – Türkiyə, Azərbaycan və Pakistanın əməkdaşlığı Anadolu ilə Qafqazı, oradan isə Orta Asiyanı birləşdirən mühüm geosiyasi xətt yaradır. Bu xətt üzərindən keçən bütün bölgələr üçün sabitlik, təhlükəsizlik və inkişaf imkanları formalaşır.  Pakistanın xüsusilə Yaxın Şərqdə, o cümlədən Səudiyyə Ərəbistanı ilə əlaqələri də bu əməkdaşlığın təsir dairəsini genişləndirir. Beləliklə, bu birlik yalnız Anadolu, Qafqaz və Orta Asiya ilə məhdudlaşmır, eyni zamanda Yaxın Şərqdəki proseslərə də təsir edə biləcək gücə malikdir.  Türkiyə, Azərbaycan və Pakistan arasında əməkdaşlıq artıq yalnız hərbi, siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Bu əməkdaşlıq eyni zamanda qlobal proseslərə qarşı ortaq baxışın formalaşmasına səbəb olur.  Uzun illər davam edən işğal dövründə Azərbaycanın yanında Türkiyədən sonra ən güclü dəstəyi məhz Pakistan verib. Müharibə dövründə də hər iki ölkə Azərbaycana açıq siyasi və mənəvi dəstək nümayiş etdirib.  Bu birlik artıq təkcə dövlət siyasəti deyil, xalqların da ürəyində yer alan qardaşlıq və həmrəylik nümunəsidir. Eyni dinə, ortaq tarixə və dəyərlərə sahib olan bu ölkələr öz üzərlərinə düşən tarixi missiyanı yerinə yetirməyə çalışırlar.  Nəticə etibarilə, Türkiyə–Azərbaycan–Pakistan əməkdaşlığı regionda formalaşan ən güclü üçtərəfli ittifaqlardan biri hesab olunur. Bu birlik Türk Dövlətləri Təşkilatı ilə birlikdə gələcəkdə daha geniş coğrafiyaya təsir edəcək əsas güc mərkəzlərindən birinə çevrilə bilər".   

 -Çox sağ olun.


Jalə Rövşən

TodayPress TV

tag: Yücel Karauz,General,Müsahibə,İran,Todaypress.tv,