Maduronun tutulması neft qiymətlərinə necə təsir göstərəcək? - AÇIQLANDI
Sənaye və energetika
05.01.2026 12:21
“Venesuela Prezidenti Nikolas Maduronun tutulmasından sonra investorları düşündürən əsas suallardan biri bu hadisənin strateji məhsulların, xüsusilə də neftin qiymətlərinə mümkün təsiridir. Bu məsələ birbaşa Venesuelanın zəngin neft ehtiyatlarına malik ölkə olması ilə bağlıdır”.
Bu fikirləri TodayPress TV-yə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Maduronun tutulmasının neft qiymətlərinə təsiri ilə bağlı bir neçə ssenari mövcuddur. Onun sözlərinə görə, Venesuelanın gündəlik neft hasilatı ilə bağlı beynəlxalq mənbələr fərqli rəqəmlər açıqlayır. Bütün göstəricilər ölkənin hazırkı mərhələdə qlobal bazarda həlledici mövqeyə malik olmadığını göstərir:
“ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına əsasən, Venesuela gündəlik 1.098 milyon barel neft hasilatı ilə dünyada 18-ci yerdədir. Eyni zamanda EIA qlobal neft hasilatının 72 faizinin cəmi 10 ölkənin payına düşdüyünü açıqlayır. "Trading Economics"in məlumatlarına görə isə Venesuela gündəlik 1.142 milyon barel hasilatla 17-ci pillədə qərarlaşıb”.
Vüqar Bayramov qeyd edib ki, Venesuelanın neft ixracatındakı mövqeyi də məhduddur. Onun sözlərinə görə, bu ölkə dünya bazarına gündəlik 438 min barel neft çıxarmaqla ixracatçı ölkələr arasında yalnız 22-ci yerdədir:
“Bu göstəricilərin aşağı olmasının əsas səbəbi Venesuelaya tətbiq edilən sanksiyalardır. 2024-cü ildə dəyər ifadəsində qlobal neft ixracatının 15.2 faizi Səudiyyə Ərəbistanının payına düşüb. İlk beşlikdə Rusiya (9.7 faiz), ABŞ (9.4 faiz), Birləşmiş Ərəb Əmirlikləri (9.1 faiz) və Kanada (8.5 faiz) yer alır”.
Deputat vurğulayıb ki, investorlar üçün ən vacib məqam Venesuelanın sübut edilmiş neft ehtiyatlarına görə dünyada birinci yerdə olmasıdır:

“Kəşf edilmiş qlobal neft ehtiyatlarının 18.2 faizi Venesuelanın payına düşür. Sonrakı yerlərdə Səudiyyə Ərəbistanı (16.2 faiz), Kanada (10.4 faiz) və İran (9.6 faiz) qərarlaşıb. Bu isə onu göstərir ki, Venesuelanın neft ehtiyatlarının ABŞ tərəfindən istismar edilməsi perspektivdə bazara böyük həcmdə neftin daxil olmasına və təklifin kəskin artmasına səbəb ola bilər. Belə bir proses isə qiymətlər üçün müsbət vəd etmir”.
Parlamentari əlavə edib ki, bu ssenarinin reallaşması zaman tələb edir. Onun sözlərinə görə, Venesuelanın neft infrastrukturunun yenilənməsi təkcə maliyyə deyil, eyni zamanda texnoloji və institusional baxımdan vaxt aparan prosesdir:
“Bu səbəbdən Venesueladan bazara böyük həcmdə neftin daxil olması qısa müddətdə deyil, daha çox orta müddətli dövrdə mümkün ola bilər”.
Deputatın sözlərinə görə, digər mümkün ssenari Venesuelada daxili xaos riskidir. Bu halda bazarın reaksiyası fərqli ola bilər, lakin bu ssenaridə belə neft qiymətlərində kəskin artım gözlənilmir:
“Çünki Venesuelanın mövcud hasilat və ixrac həcmləri bazara ciddi təsir göstərmir. Hətta ixracın azalması belə qlobal qiymətlərdə nəzərəçarpacaq artım üçün əsas yaratmır”.
Vüqar Bayramov hesab edir ki, bütün bu amillər orta müddətli perspektivdə neft qiymətlərində azalma ehtimalını gücləndirir:
“Bu isə bir daha onu göstərir ki, neft gəlirlərinin iqtisadiyyatın diversifikasiyası hesabına alternativ mənbələrlə əvəzlənməsi prioritet olaraq qalmalıdır”.
Qiymət Mahir
tag: Vüqar Bayramov,Deputat,Neft,Ucuzlaşma,Todaypress.tv,
