Bu il Azərbaycan neftini nə gözləyir? – İqtisadçıların PROQNOZU
Sənaye və energetika
06.01.2026 15:07
"Neft bazarında gün ərzində baş verən qiymət dəyişiklikləri tamamilə normaldır və bu dalğalanmalara əsaslanaraq uzunmüddətli proqnoz vermək mümkün deyil".
Bunu TodayPress TV-yə açıqlamasında iqtisadçı İlham Şaban bildirib.
Onun sözlərinə görə, neftin qiyməti gün ərzində bir neçə dəfə dəyişə bilər:
"Gün ərzində neftin qiyməti, məsələn, 20 sent bahalaşıb sonra 15 sent ucuzlaşa, daha sonra yenidən eyni proses təkrarlana bilər. Bu, bazar üçün tamamilə normal haldır. Belə gündəlik dalğalanmalara əsaslanıb illik proqnoz vermək mümkün deyil".
İqtisadçı əlavə edib ki, neftin qiyməti sabit göstərici deyil və hər gün dəyişir:
"Çünki neftin qiyməti heç vaxt bu günkü səviyyədə sabah qalmır, sabahkı qiymət də növbəti gün üçün dəyişməz olmur. Məhz bu səbəbdən neft qiymətləri gündəlik deyil, rüblük və illik göstəricilər əsasında təhlil olunur. Neftin qiyməti gündəlik yox, rüblük və illik kontekstdə proqnozlaşdırılır və qərarlar da bu çərçivədə qəbul edilir.
Ekspertin fikrincə, real qiymət tendensiyalarını görmək üçün zaman lazımdır:
"Ən azı aprel ayının birinci ongünlüyü başa çatmalıdır ki, biz birinci rübün yekunlarına baxa bilək. O zaman aydın olacaq ki, qiymət 65 dollar ətrafında, yaxud 60-65 dollar dəhlizində qərarlaşıb".
TodayPress TV-yə danışan iqtisadçı Xalid Kərimli isə bildirib ki, birjada gündəlik 1 faiz civarında enmə-qalxma həmişə baş verən prosesdir.
Onun sözlərinə görə, bu il neftin qiyməti ötən ildən daha ucuz olacaq:
"Keçən il Azərbaycan üçün neft qiyməti nisbətən aşağı proqnozlaşdırılmışdı. Yəni büdcədə 70 dollar nəzərdə tutulmuşdu və il ərzində qiymət faktiki olaraq bu səviyyəyə yaxın oldu. Bu da proqnozun düzgün verildiyini göstərdi.
Bu il isə büdcədə neftin qiyməti 65 dollar götürülüb. Hazırda bazar qiymətləri bu səviyyədən aşağıdır, lakin bu, yekun nəticə demək deyil. Müxtəlif ssenarilər mümkündür. Çünki neftin qiyməti təkcə iqtisadi və fundamental amillərdən asılı deyil; siyasi proseslər, hərbi risklər, geosiyasi qeyri-müəyyənliklər və logistik faktorlar da ciddi rol oynayır".
İqtisadçı vurğulayıb ki, bu il neft qiymətləri ötən ildən azı 10 faiz aşağı olacaq. O cümlədən bir çox beynəlxalq təşkilat neftin qiymətini 55-65 dollar aralığında proqnozlaşdırır:
"Kənar hadisələr bu çərçivədə həlledici rol oynaya bilər. Əgər bu hadisələr neftin qiymətini yüksəldərsə, bu, müsbət təsir göstərəcək. Əksinə, qiymətlərin enməsinə səbəb olarsa, təsir mənfi olacaq. Çünki neftin qiyməti və ixrac həcmi Azərbaycana daxil olan valyutanın miqdarını, ticarət balansının və tədiyyə balansının profisitini birbaşa müəyyən edir", - deyə o, fikrini tamamlayıb.
Qeyd edək ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,68 ABŞ dolları və ya 2,6% artaraq 65,8 ABŞ dollarına bərabər olub.
Türkan İsgəndərli
tag: İlham Şaban,Xalid Kərimli,İqtisadçı,Neft,Todaypress.tv,
