Modellik qapıları açıldı, amma o zibil toplamağa davam etdi - Səbəbi nədir?
Çində zibil toplayan qadın model kimi işləmək təkliflərinə baxmayaraq, əsas işindən ayrılmayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Anxoy əyalətindən olan Len Minhuey Taicou şəhərində işlədiyi vaxt çəkilən videolarla sosial şəbəkələrdə məşhurlaşıb. Onun 181 santimetr boyu, arıq bədən quruluşu və görünüşü iş geyimi və ətrafındakı tullantılarla kəskin kontrast təşkil edib.
Onu kənddə təşkil etdiyi qeyri-adi moda nümayişlərindən çəkilən videolarla tanınan model Lu Syanjen görüb. O, Len Minhueyi “anadangəlmə supermodel” adlandırıb, podiumda yerimə ilə bağlı ona məsləhətlər verib və ilk sifarişlərini almasına kömək edib.
Len ötən ilin noyabrında Şençjendə keçirilən Fashion Source peşəkar moda nümayişində debüt edib. Daha sonra "Chery" şirkəti və Çinin "Zhu Bingren Copper" brendi ilə əməkdaşlıq edib.
Model agentliklərindən təkliflər almasına baxmayaraq, Len hazırda zibil toplama işindən ayrılmamağa qərar verib.
“Zibil toplamaq mənə normal yaşamaq imkanı verir, modellik isə arzudur. Bu iki iş bir-birinə mane olmur”, - deyə çinli qadın bildirib.
Aysel Mətləb