Pişik dörd oğrunu birdən DƏF ETDİ! - İstanbulda maraqlı hadisə
İstanbulda ev pişiyi 4 qadının mənzilə daxil olaraq oğurluq etməsinə mane olub.
TodayPress TV xəbər verir ki, hadisə sentyabrın 24-də İstanbulun Küçükçəkməcə rayonunda baş verib.
Məlumata görə, əvvəl başqa bir mənzildən oğurluq etdiyi ehtimal olunan 4 qadın mənzilə daxil olmağa cəhd edib. Qadınlar ev sahiblərinin olmadığı vaxt mənzilin qapısını açaraq içəri girməyə çalışıblar. Lakin ailənin 8 ildir saxladığı Mucize adlı pişik onların qarşısını kəsib.
Pişik qadınlara hücum edərək pəncələri ilə onları uzaqlaşdırmağa çalışıb. Şübhəlilər təxminən 45 dəqiqə ərzində bir neçə dəfə mənzilə daxil olmağa cəhd göstəriblər.
Qadınlar hətta əlcək geyinib pişiyi ayaqları ilə kənarlaşdırmağa çalışsalar da, buna nail ola bilməyiblər. Nəticədə onlar mənzilə daxil olmaq cəhdindən əl çəkərək binanı tərk ediblər.
Aysel Mətləb