Qlobal bazarda yaşıl dalğa: Texnologiya sektoru Nasdaq-ı aşağı çəkdi
Qlobal fond bazarlarında əsas indekslər son ticarət sessiyasını əsasən artımla başa vurub.
TodayPress TV xəbər verir ki, ABŞ-də Dow Jones indeksi 594,83 bənd və ya 1,14% artaraq 52 900,07 bəndə yüksəlib. S&P 500 indeksi 7 483,24 bənd səviyyəsində demək olar ki, dəyişməz qalıb, Nasdaq Composite isə 207,36 bənd və ya 0,80% azalaraq 25 832,67 bəndə enib. NYSE Composite 0,93%, Kanadanın S&P/TSX Composite indeksi isə 0,88% bahalaşıb.
Avropa bazarlarında da müsbət dinamika qeydə alınıb. Euro Stoxx 50 0,82%, FTSE 100 0,25%, Almaniyanın DAX indeksi 0,78%, Fransanın CAC 40 indeksi 0,39%, İspaniyanın IBEX 35 isə 0,92% artıb.
Asiya-Sakit okean regionunda da əsas indekslər yüksəliş nümayiş etdirib. Yaponiyanın Nikkei 225 indeksi 1,47%, TOPIX 1,24%, Honq Konqun Hang Seng indeksi 1,28%, Çinin CSI 300 indeksi 0,62%, Avstraliyanın S&P/ASX 200 indeksi 1,37%, MSCI AC Asia Pacific indeksi isə 1,94% bahalaşıb.
Bazar iştirakçılarının riskli aktivlərə marağının artması və qlobal iqtisadiyyatla bağlı nikbin gözləntilər fond bazarlarında müsbət əhval-ruhiyyəni dəstəkləyib. Bununla yanaşı, ABŞ-da texnologiya sektorunda müşahidə olunan satışlar Nasdaq indeksinin günü mənfi zonada başa vurmasına səbəb olub.