Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu.
Prezident İlham Əliyev iyulun 30-da Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklikləri təsdiqlədi. Yeni qaydalara görə, təhqir və böhtan xarakterli, şəxsi həyatın toxunulmazlığını pozan, narkotik vasitələrin hazırlanması və yayılmasını təşviq edən, eləcə də insanların həyat və sağlamlığına, ictimai təhlükəsizliyə və kritik infrastrukturun fəaliyyətinə təhdid yaradan yalan məlumatların yerləşdirildiyi internet resurslarına məhkəmə və ya qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müvəqqəti giriş məhdudlaşdırıla biləcək.
Bununla yanaşı, Nazirlər Kabinetinə süni intellekt və digər texniki vasitələrdən istifadə etməklə yayılması qadağan edilən məlumatları avtomatik aşkarlayan və onların internetdə yayılmasının qarşısını alan "Yayılması qadağan edilən informasiyaya nəzarət" informasiya sisteminin yaradılması ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.
İnformasiya təhlükəsizliyinə bu qədər qədər diqqət yetirilir. Maraqlıdır, nə baş verdi ki, bu qərarlar alındı ?
Sözügedən məsələ ilə bağlı İKT mütəxəssisi Elvin Abbasov TodayPress TV -yə açıqlama verib.

Onun sözlərinə görə, son dövrlər qanunvericilikdə edilən bu dəyişikliklər və avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması təkcə sadə bir hüquqi yenilənmə deyil, rəqəmsal məkandakı kəskin dəyişikliklərə və texnoloji təhlükələrə dövlət səviyyəsində verilən operativ reaksiyadır:
"Xüsusilə generativ süni intellekt alətlərinin kütləviləşməsi ilə saxta səs, video ("deepfake") və dezinformasiya istehsalı inanılmaz dərəcədə asanlaşmış, köhnə mexanizmlərlə bu sürətli axının qarşısını almaq çətinləşmişdi. Eyni zamanda, sosial şəbəkələr üzərindən həyata keçirilən kiberdələduzluq sxemləri, narkotik vasitələrin onlayn təbliğatı, şəxsi həyatın toxunulmazlığını pozan kiberzorakılıq halları və kritik infrastrukturla bağlı panika yaradan yalan xəbərlər ictimai təhlükəsizlik üçün ciddi risklər formalaşdırırdı".
Ekspert qeyd edib ki, məhz bu texnoloji və sosial faktorlar rəqəmsal məkanda baş verən qanunsuzluqlara qarşı daha çevik hüquqi və texniki mexanizmlərin tətbiqini zəruri etdi:
"Zərərli resursların fəaliyyətini dayandırmaq üçün uzunmüddətli prosedurların gözlənilməsi operativliyi azaldırdı. Yeni dəyişikliklər müvafiq icra hakimiyyəti orqanına operativ şəkildə müvəqqəti giriş məhdudiyyəti tətbiq etmək imkanı verir. Nazirlər Kabinetinə tapşırılan və süni intellekt əsasında fəaliyyət göstərəcək yeni informasiya sistemi isə insan amilindən asılılığı azaltmaqla, qadağan olunmuş məzmunu insan müdaxiləsindən daha sürətli aşkarlamağa, onun yayılmasının qarşısını almağa və ölkənin rəqəmsal suverenliyini qorumağa xidmət edir".
Jalə Rövşən