DİQQƏT: Barkod skanerləri kiberhücumların açarı ol bilər
"Kaspersky" mütəxəssisləri anbar infrastrukturunun təhlükəsizlik auditi zamanı simsiz barkod skanerləri vasitəsilə kiberhücumlara imkan yaradan boşluq aşkarlayıblar.
TodayPress TV xəbər verir ki, şirkətdən verilən məlumata görə, bu boşluq hücumçulara anbar idarəetmə sistemlərinə ilkin giriş əldə etmək, elektron ticarət sifarişlərinin emalı və göndərilməsi prosesinə mane olmaq imkanı verə bilər.
Problemin əsas səbəbi simsiz skaner ilə onun qoşulduğu baza stansiyası arasında lazımi identifikasiya mexanizminin olmamasıdır.
"Kaspersky" mütəxəssisləri bildiriblər ki, radio siqnalının əhatə dairəsində olan hücumçu skanerin Bluetooth bağlantısından istifadə edərək klaviatura düymələrinin basılmasını təqlid edən məlumatları baza stansiyasına ötürə bilər. Stansiya həmin məlumatları qoşulduğu kompüterə göndərir və kompüter onları istifadəçinin daxil etdiyi adi əmrlər kimi qəbul edə bilər. Nəticədə hücumçu istifadəçinin birbaşa iştirakı olmadan anbar şəbəkəsindəki kompüterə ilkin giriş əldə edə bilər.
Boşluq bir neçə istehsalçının cihazlarında müəyyən edilib. Mütəxəssislər araşdırmanın nəticələrini “Security Analyst Summit 2026” konfransında təqdim ediblər.
"Kaspersky" qeyd edir ki, oxşar hücumlar yalnız barkod skanerləri ilə məhdudlaşmır. Məlumat toplama terminalları və termal printerlər kimi digər qurğular da anbar idarəetmə sistemləri üçün potensial təhlükə yarada bilər.
"Kaspersky"nin Sənaye kibertəhlükəsizliyi xidmətləri üzrə rəhbəri Sergey Sidorov bildirib ki, rəqəmsallaşma nəticəsində gündəlik istifadə olunan texnoloji qurğular da kiberhücumlar üçün giriş nöqtəsinə çevrilə bilər. Onun sözlərinə görə, anbar və pərakəndə ticarət müəssisələri infrastrukturun bütün səviyyələrini əhatə edən müdafiə strategiyası qurmalıdırlar.
Şirkət anbarların kibertəhlükəsizliyini gücləndirmək üçün şəbəkəyə qoşulmazdan əvvəl yeni cihazların yoxlanılmasını, istifadə edilməyən Bluetooth interfeyslərinin söndürülməsini, güclü identifikasiya mexanizmlərinin tətbiqini və şəbəkələrin seqmentləşdirilməsini tövsiyə edir.
Həmçinin anbar idarəetmə sistemlərinin təhlükəsizlik yeniləmələrinin vaxtında quraşdırılması, istifadəçi hesablarının səlahiyyətlərinin məhdudlaşdırılması və əməkdaşların kibertəhlükəsizlik üzrə maarifləndirilməsi vacib hesab olunur.
Jalə Rövşən