Ülviyyə Fətəliyeva Özbəkistanda möhtəşəm qələbə qazandı

İdman

14.03.2026 16:19

Özbəkistanda qadın şahmatçılar arasında “IV Women's Chess Championship” adlı nüfuzlu beynəlxalq turnir keçirilib. 

TodayPress TV xəbər verir ki, Buxara turnirində 8 ölkədən 10 şahmatçı qələbə uğrunda mübarizə aparıb. 

Ənənəvi yarışda Avropa çempionu, komandalar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi Nana Dzaqnidze (Gürcüstan), gənclər arasında dünya çempionu Əfruzə Həmdamova (Özbəkistan), komandalar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi Harika Dronavalli (Hindistan) və digər şahmatçılar yer alıb. 

Turnirdə Azərbaycanı şəxsi Avropa çempionatının qalibi, son ölkə çempionu Ülviyyə Fətəliyeva təmsil edib.

9 turdan sonra 6,5 xal toplayan Ülviyyə Fətəliyeva “IV Women's Chess Championship” yarışının qalibi olub. Gürcüstan şahmatçısı Nana Dzaqnidze ikinci, hindistanlı Harika Dronavalli isə üçüncü yeri tutub.

Xatırladaq ki, Özbəkistandakı qələbə Ülviyyə Fətəliyevanın 2026-cı ildə ikinci uğurudur. Ötən ay xanım şahmatçı karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olub.

Namiq HUN

TodayPress TV

tag: Ülviyyə Fətəliyeva,Şahmat,Turnir,Qələbə,Todaypress.tv,