Səkkiz oyunluq qələbəsizlik seriyası sonu gətirdi — Tomas Frank getdi
İdman
11.02.2026 14:42
“Tottenhem Hotspur” klubu baş məşqçi Tomas Frankın istefasını rəsmən açıqlayıb.
TodayPress TV xəbər verir ki, klubun sosial şəbəkə hesabında yayılan bəyanatda rəhbərliyin komandanın baş məşqçi postunda dəyişiklik etmək qərarı verdiyi bildirilib.
Qeyd olunub ki, Tomas Frank 2025-ci ilin iyununda təyin edilmiş və kluba uzunmüddətli layihə qurmaq üçün vaxt verilməsi planlaşdırılmışdı. Lakin son nəticələr və komandanın çıxışları direktorlar şurasını mövsümün bu mərhələsində məşqçi dəyişikliyinə getməyə vadar edib.
Klub açıqlamasında Frankın peşəkarlığı və işə sadiqliyi vurğulanaraq ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
Hazırda “Tottenhem” Premyer Liqada səkkiz oyundur qələbə qazana bilmir və 26 turdan sonra 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Buna baxmayaraq, komanda UEFA Çempionlar Liqasının ümumi mərhələsini 17 xalla dördüncü sırada başa vuraraq birbaşa 1/8 finala vəsiqə qazanıb.
Namiq HUN
tag: Tottenhem Hotspur,Tomas Frank,Klub,İstefa,Todaypress.tv,
