Ronaldunun varisi? Arbeloa Mbappeyə böyük qiymət verdi

İdman

09.02.2026 12:53

Madrid “Real”ının baş məşqçisi Alvaro Arbeloa komandanın hücumçusu Kilian Mbappeni hazırda dünyanın ən yaxşı futbolçusu adlandırıb və bildirib ki, fransalı ulduz klubun sabiq hücumçusu Kriştianu Ronaldunu geridə qoya bilər.

TodayPress TV xəbər verir ki, Arbeloanın sözlərini klubun rəsmi saytı yayıb.

— “Real”ın baş məşqçisi kimi Mbappeyə sahib olmaq sizin üçün nə deməkdir və o, Ronaldunu keçə bilərmi?

— Bu, böyük şansdır, çünki hazırda o, dünyanın ən yaxşı oyunçusudur və bunu hər gün, hər matçda sübut edir. Daha əvvəl də demişdim ki, Kriştianunun nailiyyətləri əlçatmaz və təkrarlanmaz kimi görünürdü. Mbappenin qarşısında uzun yol var, çünki Kriştianu burada uzun illər oynayıb. Amma onun Ronaldunun yolunu davam etdirməsi üçün bütün şərtlər var. Onu keçib-keçməyəcəyi bilinmir, lakin bunu bacara biləcək biri varsa, o da Kilian Mbappedir, — deyə Arbeloa bildirib.

Qeyd edək ki, cari mövsümdə Mbappe bütün turnirlərdə 31 matçda iştirak edib, 38 qol vurub və 5 məhsuldar ötürmə edib. Fransalı futbolçu 2024-cü ildən Madrid klubunda çıxış edir və onun klubla müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

Namiq HUN

TodayPress TV

tag: Real Madrid,Mbappe,Klub,Futbol,Todaypress.tv,