Ronaldo sonrası plan: Səudiyyə Salahı necə ovlayır?
İdman
10.02.2026 10:13
Misirli futbol ulduzu Məhəmməd Salahın ətrafında yaranan son vəziyyət artıq təkcə transfer xəbəri deyil.

Bu, həm “Liverpul”un struktur transformasiyası, həm də Avropa futbolunun iqtisadi reallıqları ilə Səudiyyə Pro Liqasının maliyyə strategiyasının toqquşduğu bir nöqtəyə çevrilib. Səudiyyə klublarının hücumçuya maaşını üçqat artırmaq təklifi sadəcə maliyyə xəbəri yox, həm də klub daxilindəki vəziyyətin nəticəsi kimi görünür.
Statistik göstəricilər göstərir ki, Salah əvvəlki illərlə müqayisədə daha az məhsuldardır - 25 oyunda 6 qol, 6 assist. Bu komandanın oyun modelində baş verən dəyişikliklərdən, hücum yükünün daha kollektiv bölüşdürülməsindən, yaş faktorundan və yeni sistemdə futbolçunun rolunun dəyişməsindən qaynaqlana bilər.
“Liverpul” artıq uzunmüddətli strategiyada gəncləşmə siyasətinə fokuslanır. Bu isə klub əfsanələrinin əvvəlki statusunu qorumasını çətinləşdirir.
Klubun Salahla yollarını ayırmağa açıq olması maaş balansı və transfer gəliri ilə izah edilir. Forvarda verilən həftəlik 400 min funt sterlinq klub üçün ciddi yükdür. Belə olan halda 30 milyon avro civarında qiymətləndirmə satış üçün real pəncərə yaradır. Mersisaydlılar iqtisadi və strateji maraqlardan irəli gələrək bu qərarı vermək məcburiyyətindədirlər.

Bu qalmaqalda Salah emosional olaraq başa düşüləndir. Forvard “Liverpul”un son illərdəki ən böyük simalarından biridir. Statistikası tam çökməyib. O, hələ də effektivdir. Odur ki, maaş və status baxımından xüsusi münasibət gözləməsi normaldır. Klub isə strateji baxımdan məntiqli davranır. Maaş strukturu digər futbolçularla balans problemi yarada bilər. Komandanın yeni oyun fəlsəfəsi isə fərqli profil tələb edir.
Transfer ssenarisində həftəlik 1,2 milyon funt sterlinq maaş təklifi Səudiyyə layihəsinin nə qədər ciddi olduğunu göstərir. Səudiyyə klublarının motivasiyası, Ronaldo sonrası yeni qlobal sima yaratmaqdır. Bu yolla ərəblər marketinq gücünü artırmaq və Liqanın beynəlxalq imicini qorumaq məqsədi güdürlər. “Liverpul” satışa açıqdır. Səudiyyə Pro Liqası Salahın karyerasının son böyük müqaviləsi üçün ideal mərhələdir. Keçid yay transfer pəncərəsində reallaşa bilər. Salahla maraqlanan digər istiqamətlərə gəlincə, Avropa top-klublarının böyük maaş səbəbindən daha ehtiyatlı davrandıqları görünür.
Namiq HUN
tag: Liverpul,Salah,Transfer,Klub,Todaypress.tv,
