Riskin qiyməti: Lindsi Vonn üçün ağır Olimpiya sonluğu

İdman

10.02.2026 10:45

41 yaşlı amerikalı dağ xizəkçisi Lindsi Vonn Milan və Kortina-d’Ampezzoda keçirilən XXV Qış Olimpiya Oyunlarında aldığı ağır zədə ilə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.

“Dünən mənim Olimpiya arzum xəyal etdiyim kimi bitmədi. Bu, kitab və ya nağıldakı kimi bir sonluq deyildi. Bu sadəcə həyatdır. Təəssüf ki, baldır sümüyünün mürəkkəb sınığını aldım. Hazırda vəziyyət stabildir, lakin düzgün bərpa üçün bir neçə əməliyyat tələb olunacaq. Həyat özün üçün risk etməmək üçün çox qısadır. Çünki həyatda yeganə uğursuzluq cəhd etməməkdir”, - deyə Vonn təəssüratlarını bölüşüb. 


Qeyd edək ki, fevralın 8-də sürətli eniş yarışları zamanı Vonn tullanışlardan birindən sonra yıxılıb və müstəqil şəkildə ayağa qalxa bilməyib. İdmançı dağ yamacından helikopter vasitəsilə təxliyə olunub. 2010-cu ildə Vankuverdə keçirilən Olimpiadanın çempionu olan Vonn İtaliyadakı Oyunlarda çarpaz bağ zədəsi ilə çıxış edirdi.

Namiq HUN

TodayPress TV

tag: Lindsi Vonn,Olimpiya,Zədə,açıqlama,Todaypress.tv,