“Real” Alonsonu əzdi - Ulduzların kölgəsində qalan məşqçi

İdman

13.01.2026 10:31

Madrid “Real”ı Xabi Alonsonu baş məşqçi postundan uzaqlaşdırdı. Lakin bu ayrılıq tək tərəfli günah üzərində qurulmur. Burada həm klubun, həm də məşqçinin məsuliyyəti var.

Ayrılıqlar fərqli olur, amma çox vaxt onları birləşdirən bir cəhət var: hər iki tərəf müəyyən qədər günahkardır. “Real” və Xabi Alonso nümunəsi də istisna deyil. Burada nə tam haqlı, nə də tam günahkar tərəf var. Bu, baxış bucağı məsələsidir. Bəziləri bu qərarı absurda bərabər sayır, digərləri isə düzgün addım hesab edir.

Hazırda müxtəlif söz-söhbətlər dolaşır: təşəbbüs kimdən gəldi, səbəb nə idi və s. Populyar versiyalardan birinə görə, Alonso özü getmək qərarı verib. Komandanın onun ideyalarını qəbul etmədiyini, inkişaf görmədiyini anlayıb və “sonsuz əzab” əvəzinə “tez, amma ağrılı sonu” seçib.


Halbuki vəziyyət doğrudanmı bu qədər faciəvi idi? “Real” Superkubokdan başqa heç nə uduzmamışdı. “Barselona” ilə finalda 2:3 hesablı məğlubiyyət gərgin mübarizədə baş vermişdi və son saniyələrə qədər bərabərlik mümkün idi. Bu oyundan sonra Alonsonun gedəcəyini təsəvvür etmək çətin idi.

“Barselona”ya uduzmaq səbəb yox, sadəcə bəhanə idi. Əsl zərbə isə, ehtimal ki, oyundan sonra futbolçuların davranışı oldu. Əgər doğrudursa ki, Alonso komandanın rəqibin mükafatlandırma mərasimində meydanda qalmasını istəyib, amma futbolçular Mbappenin çağırışı ilə meydanı tərk ediblərsə, bu, məşqçi üçün çox ciddi avtoritet itkisi deməkdir.

Bu artıq futbol yox, insan faktorudur. “Real”da məşqçi üçün bu məsələ həyati əhəmiyyət daşıyır. Klub tarixən “oyunçuların klubu”dur. Burada ən uğurlu məşqçilər sistemi dəyişməyə çalışanlar yox, mövcud reallığı qəbul edənlər olub.


Alonso isə “Real”ı daha strukturlaşdırılmış, taktiki baxımdan daha nizamlı etmək üçün dəvət edilmişdi. Lakin superulduzlardan kiminsə göndərilməsi variantı masada yox idi. Xüsusilə Vinisius və Mbappenin birlikdə effektiv oynaması problem. Ançelottinin bir il ərzində həll edə bilmədiyi məsələ Alonsonun üzərinə düşmüşdü.

Bu isə olduqca real olmayan tapşırıq idi. Parlaq individualistlər və sərt struktur futbolu nadir hallarda uyğun gəlir. “Real” buna inanmışdı, amma layihə yarımçıq qaldı.

Nəticədə klub da, Alonso da dəyişə bilmədi. Onlar bir-birinə uyğunlaşa bilmədilər və mozaika yığılmadı.

Alonsonun yerinə “Real”a Alvaro Arbeloa təyin edildi. O, indiyədək yalnız “Real”ın gənclər komandaları ilə çalışıb. Çətin ki, o, Mbappe və Vinisius kimi ulduzları ciddi taktiki çərçivəyə salmağa çalışsın. Daha çox komandaya psixoloji rahatlıq vermək, “siz topsunuz, özünüz bilirsiniz nə edirsiniz” yanaşması gözlənilir.


Bu isə o deməkdir ki, “Real” faktiki olaraq yenidən “oyunçular klubu” modelinə qayıdır.

Xabi Alonsoya gəlincə - onun reputasiyası ciddi zərər görməyib. “Bayer”dəki uğurları hələ də qüvvədədir. “Real”dakı yarım mövsümlük təcrübə isə uğursuzluqdan çox, çətin missiya kimi qiymətləndirilir. Alonso işsiz qalmayacaq, əksinə, istənilən an top-klubların şort-listinə düşəcək.


“Real” isə yol ayrıcındadır. Konsepsiyadan imtina edib, amma ulduzlarla işləyə bilən elit məşqçilərin sayı çox azdır. Arbeloa isə riskli seçimdir. Alınsa, əla. Alınmasa, suallar daha da çoxalacaq.

Namiq HUN

tag: Real Madrid,Xabi Alonso,Klub,İstefa,Todaypress.tv,