Okeanın kiçik dövləti dünya futboluna qoşulmaq istəyir!
ABŞ ilə assosiasiya olunmuş Marşall adalarının futbol millisi FIFA tərəfindən tanınmaq və gələcəkdə dünya çempionatında iştirak etmək istəyir.
TodayPress TV xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
Marşall adalarında futbolun inkişafı istiqamətində işlər davam etdirilir. Ötən ilin fevralında ABŞ-nin Arkanzas ştatında təşkil olunan təlim-məşq toplanışı futbolçuların seçim imkanlarını genişləndirməyə və qadınlardan ibarət komanda yaratmağa kömək edib. Aprel ayında isə ölkədə ilk dəfə futzal üzrə milli turnir keçirilib.
Təşkilatın nümayəndəsi Mett Uebbin sözlərinə görə, Marşall adaları qarşıdakı 12 ay ərzində öz ərazisində ev oyunu keçirməyi planlaşdırır. Bu, FIFA tərəfindən tanınmaq istiqamətində mühüm addım olacaq.
“Bunu öz ərazimizdə bacarmaq lazımdır. Marşall adalarında oyun keçirmək növbəti hədəfimizdir. Bununla futbolun burada çox populyar olduğunu və beynəlxalq tədbirlər təşkil etmək imkanına malik olduğumuzu göstərə biləcəyik”, - deyə Uebb bildirib.
Bununla belə, adalarda idmanın inkişafı iqlim dəyişiklikləri ilə bağlı çətinliklərlə üzləşir. Dəniz səviyyəsinin yüksəlməsi, ərazilərin su altında qalması və içməli su mənbələrinin çirklənməsi səbəbindən bəzi adaların yaxın onilliklərdə yaşayış üçün yararsız hala düşə biləcəyi bildirilir.
Qeyd edək ki, Marşall adaları Mikroneziyada yerləşən və ABŞ ilə sərbəst assosiasiya münasibətlərinə malik Sakit okean dövlətidir.
Namiq HUN