Mourinyo “Porto” ilə oyundakı qalmaqala görə diskvalifikasiya edildi
İdman
14.03.2026 17:15
“Benfika” klubunun baş məşqçisi Joze Mourinyo iki oyunluq diskvalifikasiya alıb.
TodayPress TV xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.
Bildirilir ki, cəza “Porto” ilə keçirilən və 2:2 hesabı ilə başa çatan oyunda baş verən insidentlə bağlıdır.
Primeira Liqanın XXV turunda keçirilən qarşılaşmanın sonunda Mourinyo rəqib komandanın ünvanına səsləndirdiyi sözlərə və meydanda yaranan gərginliyə görə qırmızı vərəqə alıb.
Məlumata görə, portuqaliyalı mütəxəssis texniki zonanı tərk edərək topu “Porto”nun ehtiyat oyunçular skamyası istiqamətində vurub. Mourinyo isə sonradan topu tribunaya göndərmək istədiyini bildirib.
Bundan başqa, məşqçi “Porto”nun məşqçilər korpusunun üzvü Luço Qonsales ilə mübahisəyə görə əlavə 11 günlük cəza alıb.
Beləliklə, qərar nəticəsində 63 yaşlı mütəxəssis “Benfika”nın növbəti iki oyununda komandaya kənardan rəhbərlik edə bilməyəcək.
Klub isə intizam komitəsinin qərarı ilə razılaşmayaraq apellyasiya şikayəti verəcəyini açıqlayıb və cəzanı ədalətsiz və əsassız adlandırıb.
Namiq HUN
tag: Joze Mourinyo,Benfika,diskvalifikasiya,Qərar,Todaypress.tv,
