Kompani gənc futbolçunu tək buraxmadı: məsələ bağlandı

İdman

10.01.2026 15:57

Münhen “Bavariya”sının baş məşqçisi Vensan Kompani yarımmüdafiəçi Lenart Karlın Madrid “Real”ını “xəyal klubu” adlandırması ilə bağlı yayılan açıqlamalara münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Bayern & Germany Х sosial şəbəkəsində məlumat yayıb.

Vensan Kompani 17 yaşlı Lenart Karlın “Real”la bağlı açıqlamasına sakit yanaşdığını vurğulayıb:

“Mən buna kənardan baxmağa çalışıram. Ümumi mənzərəyə və kontekstə baxıram. 17 yaşlı Lenart Karl hər gün nə edir? O, müdafiədə komandaya yaxşı və səylə kömək edir, məşqlərdə, oyunlarda və iclaslarda hər gün maksimumunu verir. Ola bilsin ki, o, ünsiyyətdə kiçik bir səhvə yol verib, amma ümumilikdə 17 yaşında düzgün şeylərə fokuslanıb.

O, çox yaxşı məşq həftəsi keçirdi. Oyun vaxtını qazanmaq üçün çox iş görüb. Mən bu mövzuda onunla danışmayan yeganə insan olmağa çalışdım. Komanda yoldaşları isə onunla bir az zarafat etdilər. Bu, əyləncəli idi.

Əgər o, pis məşq etsəydi, mənimlə problemi olardı. Əgər 100 faizini ortaya qoymasaydı, yenə mənimlə problemi olardı. Amma o, əksini etdi: çox yaxşı məşq etdi, yaxşı oynadı və çox çalışdı. O, üzr istədi və bu, mənim üçün qəbulediləndir”.

Qeyd edək ki, daha əvvəl Lenart Karl azarkeşlərlə görüş zamanı Madrid “Real”ını öz xəyal klubu adlandırmışdı.

Namiq HUN

TodayPress TV

tag: Vensan Kompani,Bavariya,Klub,Lenart Karl,Todaypress.tv,