“Formula-1”də səs-küylü start: “Kadillak” reklama milyonlar xərclədi
İdman
11.02.2026 16:54
“Kadillak” “Formula-1”də debütü ərəfəsində ilk livereyasının təqdimatı üçün çəkilən reklam çarxına böyük məbləğ xərcləyib.
TodayPress TV xəbər verir ki, komandanın baş direktoru Den Tauris Superboul zamanı nümayiş olunan təqdimat videosunun ciddi maliyyə sərmayəsi tələb etdiyini açıqlayıb.
Onun sözlərinə görə, efir vaxtının bir dəqiqəsinin qiyməti təxminən 30 saniyəlik reklam çarxlarının tarifinə uyğun olub və bu məbləğ təqribən 10 milyon dollar təşkil edir. Beləliklə, ümumi reklam kampaniyasının xərci 20 milyon dollara qədər çata bilər.
“Kadillak” hazırladığı videoda ABŞ prezidenti Con Kennedinin 1962-ci ildə səsləndirdiyi məşhur “Biz Aya uçuşu seçirik” çıxışından fraqmentlərdən istifadə edib. Tarixi nitqin fonunda komandanın “Formula-1”də debütə hazırlıq görüntüləri təqdim olunub və layihə “Missiya başlayır” mesajı ilə nümayiş etdirilib.
Den Tauris həmçinin bildirib ki, General Motors layihənin ilkin mərhələsində mümkün maliyyə itkilərini əvvəlcədən nəzərə alıb. Onun sözlərinə görə, komandanın əməliyyat baxımından gəlirliliyə çatması və ya ən azı maliyyə balansını bərabərləşdirməsi üçün bir neçə il tələb oluna bilər.
Buna baxmayaraq, rəhbərlik layihənin planlaşdırılandan daha sürətli inkişaf etdiyini vurğulayıb.
Namiq HUN
tag: Kadillak,Formula-1,Den Tauris,Superboul,Todaypress.tv,
