“Formula-1” işi üzrə təqsirləndirilən Mehdiyev ölkədən çıxa bilmədi

İdman

13.03.2026 15:31

2015–2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi vəzifəsində çalışmış Çingiz Mehdiyevin ölkədən getmək cəhdi baş tutmayıb.

TodayPress TV “teleqraf.az”a istinadən xəbər verir ki, onun ölkədən çıxışına Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhdudiyyət qoyulub.

Çingiz Mehdiyev ölkədən çıxışına qoyulmuş “stop”un götürülməsi üçün məhkəməyə müraciət edib. O, səhhətində yaranmış problemlə əlaqədar xarici ölkədə müayinə olunmaq istədiyini bildirib.

Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsi tərəfindən məhkəməyə təqdim edilən arayışda isə Çingiz Mehdiyevin çəkilməmiş sınaq müddətinin 2 il 1 aydan artıq olduğu qeyd olunub.

Məhkəmə müdafiəçinin arqumentlərini dinləyib, prokurorun mövqeyini nəzərə alaraq ərizəni və ona əlavə olunmuş materialları araşdırıb və belə nəticəyə gəlib ki, Çingiz Mehdiyevin müraciəti təmin edilməməlidir.

Qeyd edək ki, Çingiz Mehdiyev külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və həmin vəsaiti qanunsuz leqallaşdırmaqda ittiham olunur. Bildirilir ki, o, “Formula-1” yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər avadanlıqların sifarişi zamanı malların qiymətini süni şəkildə artırıb. Dövlət büdcəsindən ayrılan vəsaitləri isə yaxın adamlarının adına olan şirkətlərə köçürüb.

İstintaq materiallarına görə, qiymət şişirtməsi nəticəsində əldə edilən vəsaitlər mənimsənilib.

Həmçinin iddia olunur ki, o, özünə etibar edilmiş külli miqdarda vəsaiti mənimsəmək məqsədilə Seyşel adalarında anasının adına yaradılmış şirkəti “Formula-1” yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb.

Namiq HUN

TodayPress TV

tag: Formula 1,Çingiz Mehdiyev,Çıxış,Məhdudiyyət,Todaypress.tv,