DÇ-2026-da ofsayd qərarları süni intellektlə veriləcək
İdman
08.01.2026 15:04
FIFA bu il keçiriləcək dünya çempionatında ofsayd qərarlarının daha dəqiq verilməsi üçün süni intellekt texnologiyasından istifadə edəcək.
TodayPress TV “The Athletic”ə istinadən xəbər verir ki, mundialda iştirak edəcək futbolçular üçün süni intellekt əsaslı 3D rəqəmsal modellər hazırlanacaq.
Bu məqsədlə oyunçular xüsusi skan prosesindən keçiriləcək və onların bədən ölçüləri maksimum dəqiqliklə qeydə alınacaq.
Yeni texnologiya xüsusilə görüntülərin aydın olmadığı epizodlarda ofsayd vəziyyətlərinin düzgün müəyyənləşdirilməsinə kömək edəcək. FIFA bildirib ki, bu yenilik VAR tərəfindən verilən qərarların azarkeşlər və televiziya tamaşaçıları üçün daha anlaşılan formada təqdim olunmasını təmin edəcək. Ofsayd qərarları yayım zamanı 3D qrafik görüntülərlə göstəriləcək.
Xatırladaq ki, bu texnologiya ötən il Qitələrarası Kubokda sınaqdan keçirilib və müsbət nəticə verib. Eyni tip ofsayd sistemi daha əvvəl 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında və növbəti il qadınlar arasında təşkil olunan mundialda da test edilib.
Bundan əlavə, DÇ-2026 turnirində iştirak edəcək 48 komandanın hamısına süni intellekt əsaslı oyun analiz cihazı təqdim olunacaq. Bu cihazlar komandaların oyunöncəsi və oyunsonrası analizlərinin aparılmasına imkan verəcək.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi DÇ-2026 iyunun 11-dən iyulun 19-dək keçiriləcək.
Namiq HUN
tag: DÇ,2026,Qərar,Ofsayt,Todaypress.tv,
