Çətin final, xoş sonluq: “PSJ” yenə Superkuboku qazandı
İdman
09.01.2026 12:40
“Pari Sen-Jermen” (PSJ) klubunun baş məşqçisi Luis Enrike Fransa Superkubokunun finalında “Marsel”ə qarşı keçirilən oyunun (2:2, penaltilər seriyasında 4:1) yekunları ilə bağlı fikirlərini bölüşüb.
O, oyunun çətin keçdiyini, lakin komandanın sonadək mübarizə apardığını bildirib. Penaltilər seriyasını isə PSJ üçün talisman adlandırıb.
TodayPress TV xəbər verir ki, PSJ-nin rəsmi saytı baş məşqçinin sözlərini sitat gətirib.
Luis Enrike oyundan sonra bunları deyib:
“Finala çıxanda emosiyalar həddən artıq olur və düşünmürəm ki, komanda həmişəki kimi yüksək səviyyədə oynadı. Çətin idi, rəqibimiz çox yaxşı çıxış etdi, lakin bu komandanın fərqli xarakteri var. Son dəqiqəyədək mübarizəni davam etdirdik və hesab edirəm ki, penaltilər seriyası bizim üçün bir növ talismana çevrildi.
Biz çox xoşbəxtik, komanda çox xoşbəxtdir və bu, azarkeşlərimiz üçün vacibdir. Qalib gəlmək hər zaman çətindir. Bu günkü oyun sınaq idi. Mən bilirəm ki, hər zaman yüksək səviyyədə oynamaq asan deyil”, – deyə Paris təmsilçisinin baş məşqçisi bildirib.
Qeyd edək ki, PSJ ardıcıl dördüncü il Fransa Superkubokunun qalibi olub. Paris klubu bu turnirdə son məğlubiyyətini 2021-ci ildə finalda “Lill”ə (0:1) uduzaraq yaşamışdı.
Namiq HUN
tag: PSJ,Luis Enrike,Superkubok,Penalti,Todaypress.tv,
