“Bunun başqa komandalara dərs olmasını istəyirik” - NBA rəhbərindən şok açıqlama
NBA komissarı Adam Silver “Los-Anceles Klippers” klubuna qarşı qəbul edilən sərt cəzalarla bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, klub hücumçu Kavay Leonardın müqaviləsi ilə bağlı maaş tavanı qaydalarını pozduğu üçün liqa tərəfindən ciddi sanksiyalara məruz qalıb.
Adam Silver mətbuat konfransı zamanı bildirib:
“Belə hallara baxarkən çətin məsələ odur ki, bir tərəfdən qayda pozuntusunun idman tərəfindən nəticələri olmalıdır, digər tərəfdən isə biz NBA-nın 30 komandadan ibarət liqa kimi qalmasını istəyirik. Anlayırıq ki, müəyyən mənada eyni vaxtda bu komandanın azarkeşlərini də cəzalandırmış oluruq. Biz məhz bu balansı tapmağa çalışırıq.
Klubun fəaliyyətinə düzəldilməz bir zərər vurduğumuzu düşünmürəm, lakin bunun komanda üçün ciddi bir geriləmə olduğuna şübhə yoxdur. Deyim ki, bu cür sanksiyaların əsas məqsədi gələcəkdə digər komandaların bənzər addımlar atmasının qarşısını almaqdır. Ona görə də cəza yalnız diskvalifikasiya və maliyyə sanksiyalarından ibarət olmamalı, birbaşa işin idman tərəfinə də təsir etməlidir”.
Liqa rəhbəri başqa komandalarda oxşar halların olub-olmaması sualına da cavab verib:
“Bu təhqiqat xüsusi olaraq “Klippers”ə yönəlmişdi, lakin mən onilliklərdir bu liqada çalışıram. Vaxtaşırı digər komandalarda baş verənlər haqqında şayiələr eşidirəm. Baş menecerlər, klub prezidentləri və sahibləri ilə liqadakı vəziyyəti dəfələrlə müzakirə etmişəm. Bilirik ki, son illərdə nəzarət bir qədər zəifləyib. Lakin bildiyim qədərilə, “Klippers”lə bağlı vəziyyətə bənzər heç nə əvvəllər yaşanmayıb”.
Qeyd edək ki, nəticədə “Klippers” klubuna 30 milyon dollar rekord cərimə tətbiq edilib, komanda 5 birinci raund draf seçimindən məhrum olunub, klub sahibi Stiv Balmer isə 1 illik fəaliyyətdən uzaqlaşdırılıb.
Namiq HUN