Belqradda güclü rəqabət: Sariyeva dünya turunda diqqət çəkdi

İdman

12.02.2026 10:17

Azərbaycanlı atlet Yekaterina Sariyeva Serbiyanın paytaxtı Belqradda keçirilən Qızıl səviyyəli “Belgrade Indoor Meeting” turnirində uğurlu çıxışı ilə yadda qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Milli komandanın üzvü üçtəkanla tullanma növündə mübarizə apararaq 13.44 metr nəticə göstərib və yarışı altıncı pillədə tamamlayıb. Turnirin Qızıl kateqoriyaya aid olması yarışın yüksək rəqabət səviyyəsini göstərir və dünyanın güclü atletlərinin iştirak etdiyi seriyaya daxil edilir.

Qeyd edək ki, qapalı məkan yarışları atletlər üçün mövsümün vacib mərhələlərindən hesab olunur. Bu yarışlar həm beynəlxalq reytinq xalları toplamaq, həm də böyük turnirlər - xüsusilə Avropa və dünya çempionatları öncəsi formanın yoxlanılması baxımından böyük əhəmiyyət daşıyır. Sariyevanın göstərdiyi nəticə onun stabil performansını nümayiş etdirir və gələcək startlar üçün müsbət siqnal kimi qiymətləndirilə bilər.

Namiq HUN

TodayPress TV

tag: Yekaterina Sariyeva,Belgrade Indoor Meeting,Turnir,Atlet,Todaypress.tv,