“Barselona”dan “Real”a mesaj: Mbappe bizi qorxutmur
İdman
10.01.2026 15:30
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Mbappenin təhlükəsi ilə bağlı danışaraq bildirib ki, son bir il yarımda “El-Klasiko”larda komanda cəmi bir dəfə uduzub.
TodayPress TV xəbər verir ki, Mundo Deportivo-nun məlumatına görə, Flik bildirib:
“Son bir il yarımda neçə ‘El-Klasiko’ keçirmişik? Bəs neçəsində uduzmuşuq? ‘Barselona’ cəmi bir dəfə məğlub olub. Məsələnin mahiyyəti budur”.
“Barselona”nın baş məşqçisi Madrid “Real”ının hücumçusu Kilian Mbappenin komandası üçün yaratdığı təhlükə ilə bağlı suala da münasibət bildirib:
“Mbappenin fantastik futbolçu olduğunu bilirəm. Müdafiə xəttinin arxasında boşluq olanda o, fenomenaldır. Biz həmişə etdiyimiz kimi bəzi düzəlişlər edəcəyik, amma təkcə Mbappeyə görə yox. Biz öz fəlsəfəmizə və ideyalarımıza fokuslanmışıq”.
Xatırladaq ki, Flikin 2024-cü ilin yayında “Barselona”ya gəlişindən sonra Kataloniya təmsilçisi “Real”a qarşı cəmi bir dəfə - cari mövsüm La Liqanın X turunda (1:2) məğlub olub.
“Barselona” və “Real” klubları yanvarın 11-də İspaniya Superkubokunun finalında üz-üzə gələcəklər.
Namiq HUN
tag: Barselona,Real Madrid,Hans-Diter Flik,Mbappe,Todaypress.tv,
