“Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin qalibləri mükafatlandırıldı
İdman
08.01.2026 14:25
Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FİS təqviminə əsasən keçirilən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ilk gününün qalibləri müəyyənləşib.
TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, turnirin ilk günündə idmançılar dağ xizəyinin Slalom növündə mükafatlar uğrunda mübarizə aparıblar.
Gürcüstanlı idmançı Nino Thklauri dağ xizəyinin Slalom növündə fəxri kürsünün 1-ci pilləsinə qalxıb. İlk üçlüyü isveçli atlet Nikita Annerlə özbəkistanlı xizəkçi Kseniya Brejnaya təşkil ediblər.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal və Özbəkistandan müxtəlif yaş kateqoriyasında olan 20 qadın idmançı iştirak edir. Yarışda ölkəmizi dağ xizəkçisi Anastasiya Papatoma təmsil edib.
“Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin növbəti günlərində idmançılar Slalom və Qiqant Slalom növlərində birincilik uğrunda mübarizə aparacaqlar.
Namiq HUN
tag: Azerbaijan Open,dağ xizəyi,Turnir,Qalib,Todaypress.tv,
