Avropanın kubok ustası: Unai Emerinin böyük futbol yolu
İdman
13.03.2026 13:10
İspaniyalı mütəxəssis Unai Emeri müasir Avropa futbolunun ən uğurlu klub məşqçilərindən biri hesab olunur. Onun karyerası xüsusilə Avropa kuboklarındakı nəticələri ilə seçilir. Emeri müxtəlif ölkələrdə çalışaraq həm taktiki çevikliyi, həm də kubok turnirlərində uğurlu strategiyası ilə tanınıb.

Emeri məşqçilik fəaliyyətinə İspaniyanın aşağı liqalarında başlayıb. 2004–2006–cı illərdə “Lorca Deportiva”ya rəhbərlik edən Emeri komandanı Sequndaya yüksəldib. Bu uğur onun məşqçi kimi diqqət çəkməsinə səbəb olub.
![]()
Unai 2006–2008-cı illərdə “Almeriya” klubunda iş başında olub. O, əvvəlcə komandanı La Liqaya çıxarıb. 2007-2008-ci illər mövsümündə isə “Almeriya”nı La Liqanın 8-ci komandası edib. Bu klub tarixinin ən yaxşı nəticələrindən biri sayılır.

2008–2012-ci illər aralığında “Valensiya” klubunda çalışan Emeri maliyyə problemlərinə baxmayaraq “yarasalar”ı ardıcıl olaraq La Liqada ilk üçlükdə saxlayıb. O, həmçinin klubun UEFA Avropa Liqasına müntəzəm vəsiqə qazanmasına nail olub.

Emerinin 2013–2016-cı illəri əhatə edən “Sevilya” dövrü ona Avropa Liqasının “kralı” təxəllüsünü qazandırıb. Bu dönəm Unai Emerinin karyerasının ən parlaq dövrü hesab olunur. Əndəlus təmsilçisi ardıcıl 3 dəfə - 2014, 2015 və 2016-cı illərdə UEFA Avropa Liqasını qazanıb. Bu nəticə onu Avropa Liqası tarixinin ən uğurlu məşqçilərindən birinə çevirib.

Emeri 2016–2018-ci illər aralığında “Pari Sen-Jermen” klubunda baş məşqçi postunu tutub. O, 2018-ci ildə Paris təmsilçisini Liqa 1 çempionu edib, kluba Fransa kuboku və liqa kubokunu qazandırıb. Unai bir mövsümdə ölkə daxilində bütün titulları qazanan komandaya rəhbərlik edib.

2018–2019-cu illərdə “Arsenal”ın sükanı arxasına keçən mütəxəssis komandanı UEFA Avropa Liqası turnirinin finalına çıxarıb.

2020–2022-ci illərdə “Vilyarreal”ı çalışdıran Emeri 2021-ci ildə La Liqa təmsilçisini UEFA Avropa Liqasının qalibi edərək “dalğıclar”a klub tarixinin ilk Avropa kubokunu qazandırıb.

2022-ci ildən Unai Emerinin məşqçilik karyerasında “Aston Villa” mərhələsi başlayıb. İspaniyalı məşqçinin komandaya gəlişindən sonra klubun nəticələri ciddi şəkildə yaxşılaşıb.

Emeri komandanı Premyer Liqada ilk dördlük uğrunda mübarizəyə qaytarıb. Birmingem təmsilçisi Avropa turnirlərində uğurlu çıxışı ilə yadda qalıb. “Aston Villa”ya 181 oyunda 100 qələbə qazandıran mütəxəssis klub tarixində bu göstəriciyə ən tez çatan məşqçi olub.
Qeyd edək ki, “Aston Villa”nın Premyer Liqanın turnir cədvəlində yüksək yerlərdə qərarlaşması Emerinin taktiki işinin nəticəsi kimi qiymətləndirilir.

Unai Emerinin məşqçilik fəlsəfəsi rəqibə uyğun dəyişən taktiki sistemlər seçməsi, Avropa kuboklarında effektiv oyun planı, müdafiə və sürətli əks-hücum balansı və futbolçuların fərdi potensialından maksimum istifadə etməsi xüsusiyyətləriylə tanınır. Bu səbəbdən Emeri çox vaxt “Avropa kuboklarının ustası” kimi də xarakterizə olunur.
Namiq HUN
tag: Unai Emeri ,Aston Villa,Qələbə,Liqa,Todaypress.tv,
