“Xalqdan bir iynə belə almamalı” - Dünyanın ən böyüyü PLA

Hərbi

10.03.2026 22:30

Çin Xalq Azadlıq Ordusu (PLA) bu gün dünyanın ən böyük və ən sürətlə inkişaf edən hərbi qüvvələrindən biridir.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) “Hərbi Balans 2026” hesabatına görə, aktiv şəxsi heyət sayı 2 milyon 35 min nəfər olan PLA, say baxımından ordular arasında birinci yerdə qərarlaşır. 

Bu ordu Çin Kommunist Partiyasının (ÇKP) birbaşa nəzarəti altında fəaliyyət göstərir və Si Cinpin həm partiyanın, həm dövlətin, həm də Mərkəzi Hərbi Komissiyanın sədri kimi onun baş komandanıdır.

PLA-nın tarixi 1927-ci ildə Nançanq Üsyanı ilə başlayır. Üsyanda əsgərlər qollarına qırmızı lent taxaraq fərqlənirdilər və bu, ordunun simvoluna çevrildi.

O zaman İşçi və Kəndli Qırmızı Ordusu adı ilə yaradılan qüvvə, Çin Kommunist Partiyasının silahlı qanadı kimi formalaşmışdı. 

1937–1945-ci illərdə Yaponiya ilə müharibədə Səkkizinci Ordu və Yeni Dördüncü Ordu kimi fəaliyyət göstərən bu qüvvələr partizan müharibəsi taktikası ilə böyük uğur qazanıb. 1949-cu ildə Vətəndaş müharibəsində qələbə çalaraq Çin Xalq Respublikasının qurulmasında əsas rol oynayıb və rəsmi olaraq Çin Xalq Azadlıq Ordusu adını alıb.

1950-ci illərdə Sovet İttifaqının köməyi ilə modernləşməyə başlayan PLA Koreya müharibəsində “Xalq Könüllülər Ordusu” adı ilə iştirak edib. 

1962-ci ildə Hindistanla, 1969-cu ildə SSRİ ilə sərhəd toqquşmalarında, 1979-cu ildə isə Vyetnamla qısa, lakin qanlı müharibədə vuruşub. Mədəni İnqilab dövründə (1966–1976) rütbələr ləğv edilib, ordu siyasi mübarizənin alətinə çevrilib. 

Lakin 1980-ci illərdən başlayaraq milyonlarla əsgər ixtisar edilib, keyfiyyətə üstünlük verilməyə başlanılıb. 2015–2016-cı illərdə Si Cinpinin rəhbərliyi ilə keçirilən ən böyük islahatlar ordunu kökündən dəyişib: əvvəlki 7 hərbi region 5 ərazi komandanlığına çevrilib, yeni qoşun növləri yaradılıb, Strateji Dəstək Qüvvələri ləğv edilərək yerinə Aerokosmik Qüvvələr, Kiber Qüvvələr, Məlumat Dəstək Qüvvələri və Birgə Logistika Qüvvələri qurulub. 

Hazırda PLA Mərkəzi Hərbi Komissiyanın idarəçiliyi altında 5 ərazi komandanlığına (Şərq, Qərb, Cənub, Şimal, Mərkəz) və 4 əsas xidmət qoluna bölünür: Quru Qoşunları (PLAGF), Dəniz Qoşunları (PLAN), Hava Qoşunları (PLAAF) və Raket Qoşunları (PLARF). Buna əlavə olaraq Aerokosmik, Kiber, Məlumat Dəstək və Logistika qüvvələri də müstəqil struktur kimi fəaliyyət göstərir.

Aktiv şəxsi heyət sayı 2 milyon 35 min nəfərdir. Bunun təxminən 965 mini Quru Qoşunlarında, 300 mini Dəniz Qoşunlarında, 403 mini Hava Qoşunlarında, 125 mini isə Raket Qoşunlarındadır. Xüsusi əməliyyat qüvvələri 20–30 min, dəniz piyadası isə 25 min nəfər civarındadır. Rezerv qüvvələr isə 510 min nəfər təşkil edir.

PLA-nın texnoloji parkı sürətlə genişlənir və əsasən yerli istehsala əsaslanır. 

Quru Qoşunlarında 5570-dən çox tank (Type 99, Type 96, Type 15), 10 mindən artıq zirehli maşın, 6000-dən çox artilleriya sistemi, 1000-dən artıq döyüş helikopteri var. 

Dəniz Qüvvələrində 3 təyyarədaşıyan gəmi, 4 amfibiya hücum gəmisi, 61 sualtı qayıq (6-sı nüvə ilə işləyən), 53 esminets (məhv edici), 46 freqat mövcuddur. 

Hava Qüvvələrində 3150-dən çox təyyarə, o cümlədən 300-dən artıq J-20, yüzlərlə J-16 və J-10, həmçinin Y-20 nəqliyyat təyyarələri var. Raket Qoşunlarında isə 2500-dən çox ballistik və kruiz raketi, o cümlədən DF-41 (məsafəsi 12–15 min km), hipersonik DF-17 və DF-26 kimi sistemlər mövcuddur.

Qeyd edək ki, ABŞ müdafiə büdcəsinə görə (921 milyard dollar) birinci yerdə olsa da, aktiv şəxsi heyət sayında yalnız üçüncüdür. Çin isə həm say, həm də büdcə (251,3 milyard dollar) baxımından ikinci ən güclü ordudur.

PLA əsgərləri “xalqdan heç bir iynə və ya iplik belə almamalı” prinsipinə sadiqdirlər. Təbii fəlakətlərdə xilasetmə əməliyyatlarında otellərdə qalan əsgərlər arxalarında pul qoyub gedirlər. 

PLA-nın hər bölməsində siyasi komissarlar ideoloji nəzarəti təmin edir və qərarlar partiya loyallığına əsaslanır. Maraqlıdır ki, ordu mərkəzsiz komanda sisteminə malikdir və kiçik zabitlərə təşəbbüs hüququ verir – bu, Qərb ordularına bənzəyir. Lakin 1979-cu ildən bəri böyük miqyaslı müharibə təcrübəsinin olmaması hələ də ən böyük zəiflik kimi qeyd olunur.

Çinlilər PLA-nı “ən sevimli insanlar” adlandırırlar, çünki ordu hər zaman qalib gəlməli və hər daim nümunəvi davranış prinsipini izləməlidir.

PLA 2049-cu ilə qədər “dünya səviyyəli” ordu olmaq hədəfi ilə irəliləyir. Texnoloji üstünlük, hipersonik silahlar, kosmik qabiliyyətlər və kiber müharibədəki nailiyyətləri ilə Çinin qlobal ambisiyalarının əsas dayağı olaraq qalır.

Nicat Osman

TodayPress TV

tag: PLA,Çin, Hərbi,Hərbi Balans 2026, todaypress.tv,