Polşanın “GÖY GURULTUSU”: Düşmənə səssiz zərbə vuran GROM
Hərbi
12.02.2026 18:16
Polşanın xüsusi təyinatlı qüvvələri arasında ən peşəkar və tanınmış hissələrdən biri GROM-dur (GROM Hərbi Dəstəsi, JW 2305). “Grom” sözü “göy gurultusu” mənasını verir və qrupun düşmənə qəfil, səssiz zərbə vurmaq qabiliyyətini simvollaşdırır.

1990-cı ildə yaradılan bu elit qüvvə Polşa Silahlı Qüvvələrinin Xüsusi Qüvvələr Komandanlığına tabedir və terrorizmə qarşı mübarizədə, eləcə də xüsusi əməliyyatlarda mühüm rol oynayır.
“SOYUQ MÜHARİBƏ”DƏN DOĞAN QƏRAR
GROM-un yaradılması “Soyuq müharibə”nin son dövrü və Polşanın yeni təhlükəsizlik ehtiyacları ilə bağlıdır.
1990-cı ilin martında Beyrutda Polşa diplomatlarına qarşı terror hücumundan sonra xaricdəki vətəndaşların qorunması üçün belə bir elit qrupun formalaşdırılmasına ehtiyac yarandı. Baş nazir Tadeuş Mazovetskinin qərarı ilə 13 iyul 1990-cı ildə bu hərbi dəstə rəsmi şəkildə yaradıldı. İlk komandir polkovnik Slavomir Petelitski oldu və o, bölməni ABŞ-nin Delta Force və Böyük Britaniyanın SAS (Xüsusi Hava Xidməti) təcrübəsinə əsaslanaraq formalaşdırdı.

1999-cu ildə GROM Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılaraq Milli Müdafiə Nazirliyinə verildi və Polşanın xüsusi təyinatlı qüvvələrinin əsas hissələrindən birinə çevrildi. Dəstənin ideoloji və tarixi kökləri II Dünya müharibəsində fəaliyyət göstərmiş “Cixotsiemni” – “Səssiz və görünməzlər” paraşütçilərinə dayanır.

GROM-un ilk böyük əməliyyatı 1994-cü ildə Haitidə “Demokratiyanın qorunması” missiyası ilə başladı. Daha sonra Balkanlarda (1996–2001), Əfqanıstanda (2002–2013), İraqda (2003–2004) və 2021-ci ildə Kabildə həyata keçirilən evakuasiya əməliyyatlarında iştirak etdi. İraqda neft terminallarını ciddi itki olmadan nəzarətə götürməsi və Kabildə 1100-dən çox insanın təhlükəsiz təxliyəsini təmin etməsi qrupun beynəlxalq nüfuzunu artırdı.
STRUKTURU
Qrup Varşava və Qdansk şəhərlərində yerləşir. Strukturu çevik və modul prinsipi ilə qurulub: döyüş və dəstək eskadronlarından ibarətdir. Döyüş eskadronları A (quru əməliyyatları – Varşava), B (dəniz əməliyyatları – Qdansk) və C (hava və digər xüsusi əməliyyatlar – Varşava) istiqamətləri üzrə fəaliyyət göstərir. Dəstək hissələrində analitiklər, elektronika və IT mütəxəssisləri, partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə ekspertlər (EOD), şəhər mühitində əməliyyat mütəxəssisləri (MOE), xidməti it qrupu və birgə hava zərbələrinin idarə olunması heyəti (JTAC) fəaliyyət göstərir. Ən kiçik operativ qrup adətən 4–6 nəfərdən ibarət olur. Bu struktur SAS və “Delta Force” modellərinə bənzəyir və NATO müttəfiqləri ilə sıx əməkdaşlığa imkan yaradır.

HEYƏT SAYI
GROM-un dəqiq şəxsi heyət sayı açıqlanmır, lakin təxminlərə görə 300–450 operator və ümumilikdə təxminən 500 nəfər personalı var. Qəbul prosesi son dərəcə çətindir: fiziki testlər, psixoloji qiymətləndirmə, dözümlülük sınaqları (“etap gorski” – dağ mərhələsi) və uzunmüddətli təlimlərdən ibarətdir. Operatorlar çoxfunksiyalı hazırlanır və snayper, tibbçi, dalğıc kimi bir neçə sahədə ixtisaslaşırlar. Dəstə digər Polşa xüsusi təyinatlı hissələri – JWK, “Formoza” və AGAT ilə koordinasiyalı fəaliyyət göstərir.

SİLAH ARSENALI
GROM müasir və geniş silah arsenalı ilə təchiz olunub. Əsas silahlar sırasında HK416 avtomatik tüfəngi, “’Glock 17” və “USP” tapançaları, “SIG MPX” avtomatı, “Accuracy International AWM-F” və “Sako TRG-22” snayper tüfəngləri, “Carl Gustav M3”, “AT4” və “Javelin” tank əleyhinə raket sistemləri yer alır.

Nəqliyyat vasitələri kimi Mercedes “G-Class”, “Humvee”, “Oshkosh M-ATV”, “Land Rover Defender” və kvadrosikllər istifadə olunur. Hava dəstəyi Polşa xüsusi qüvvələrinin ümumi resursları hesabına təmin edilir və əsasən “S-70 Black Hawk” helikopterlərinə əsaslanır. Texnologiya sahəsində gecəgörmə cihazları, termal nişangahlar, elektron müharibə sistemləri və pilotsuz uçuş aparatları geniş tətbiq edilir.
“CƏRRAHLAR”
Qrup haqqında mətbuatda az yer alan maraqlı detallar da var. Operatorlar tez-tez “Cərrahlar” ləqəbi ilə tanınır; bu, onların dəqiq və minimal itki ilə əməliyyat aparmaq bacarığını ifadə edir. Təlim prosesi sərtliyi ilə seçilir – namizədlər yuxusuzluq, aclıq və ekstremal şəraitdə sınaqlardan keçirlər. Əfqanıstanda GROM-un kiçik qruplarla sayca üstün qüvvələrə qarşı uğurlu əməliyyatlar apardığı qeyd olunur. Dəstənin şüarı “Siła i Honor! Tobie Ojczyzno!” – “Güc və şərəf! Sənə, Vətən!” sözləridir və üzvləri boz beret taxırlar. 2022-ci ildə Polşa Prezidenti Andjey Dudanın Ukraynaya səfəri zamanı onun təhlükəsizliyinin təmin edilməsində də iştirak ediblər.

GROM-UN BU GÜNÜ
GROM bu gün Polşanın müdafiə strategiyasının əsas elementlərindən biri hesab olunur. Qrupun fəaliyyəti böyük ölçüdə məxfi saxlanılsa da, həyata keçirdiyi əməliyyatlar ölkənin təhlükəsizliyinə və beynəlxalq missiyalara mühüm töhfə verib. Bu elit qüvvə peşəkarlığı və əməliyyat təcrübəsi ilə gələcək nəsillər üçün nümunə olaraq qalır.
Nicat Osmanlı
tag: GROM,Polşa,XTQ,Göy gurultusu,Todaypress.tv,
