Kiyevdən cəbhəyə: “Alfa”nın görünməyən savaşı

Hərbi

20.02.2026 19:00

Ukraynanın təhlükəsizlik sistemində mühüm yer tutan qurumlardan biri Ukrayna Təhlükəsizlik Xidmətidir (SBU). Qurumun tərkibində fəaliyyət göstərən və rəsmi adı SBU-nun Xüsusi Əməliyyatlar Mərkəzi “A” İdarəsi olan “Alfa” qrupu ölkənin ən elit, məxfi və yüksək hazırlıqlı xüsusi təyinatlı bölmələrindən hesab olunur. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda bu strukturun rolu daha da ön plana çıxıb.


“Alfa”nın əsası 1970-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK/KQB) tərəfindən terrorizmə qarşı mübarizə məqsədilə qoyulub. 1991-ci ildə Ukrayna müstəqillik əldə etdikdən sonra KQB-nin yerli bazasında SBU yaradılıb və “Alfa” yeni milli təhlükəsizlik sisteminə inteqrasiya olunaraq yenidən təşkil edilib.


2014-cü ildə Euromaydan hadisələri, Krımın ilhaqı və Donbasdakı silahlı toqquşmalar bölmənin fəaliyyət profilini dəyişdi. Klassik antiterror əməliyyatlarından əlavə, bölmə faktiki döyüş şəraitində fəaliyyət göstərməyə başladı. 2022-ci ildə genişmiqyaslı müharibə isə “Alfa”nın əməliyyat spektrini daha da genişləndirdi.


Müharibənin ilk mərhələsində “Alfa” Kiyev və ətraf ərazilərin müdafiəsinə cəlb olundu. Bölmənin rolu:

Diversiya-kəşfiyyat qruplarının aşkarlanması və zərərsizləşdirilməsi

Strateji obyektlərin və hökumət binalarının mühafizəsi

Yüksək vəzifəli şəxslərin təhlükəsizliyinin təmin edilməsi

Şəhər daxilində gizli silahlı qruplara qarşı xüsusi əməliyyatların icrasından ibarətdir.

Paytaxt istiqamətində vəziyyət sabitləşdikdən sonra bölmənin bir hissəsi şərq və cənub cəbhələrinə yönləndirildi. Xarkov istiqamətində şəhər müharibəsi şəraitində dəqiq zərbələr, komanda məntəqələrinin və rabitə xətlərinin sıradan çıxarılması kimi tapşırıqlar yerinə yetirilib. Açıq mənbələrdə Mariupol uğrunda döyüşlərdə də ayrı-ayrı qrupların iştirakı qeyd olunur.


“Alfa” yalnız ön xəttdə deyil, arxa cəbhədə də aktivdir. Bölmənin fəaliyyəti:

Diversiya şəbəkələrinin ifşası

Düşmən agentlərinin zərərsizləşdirilməsi

Təxribat xarakterli məlumat sızmalarının qarşısının alınmasından ibarətdir. 


Bu xüsusiyyət onu təkcə hücum qrupu deyil, həm də kompleks təhlükəsizlik və əks-kəşfiyyat strukturunun mühüm elementi kimi xarakterizə edir.

“Alfa” birbaşa SBU rəhbərliyinə tabedir və mərkəzi qərargahı Kiyevdə yerləşir. Ukraynanın müxtəlif vilayətlərində regional bölmələr fəaliyyət göstərir. Struktur daxilində:

Snayper qrupları

Partlayıcıların zərərsizləşdirilməsi üzrə mütəxəssislər

PUA operatorları

Radioelektron mübarizə və siqnal kəşfiyyatı heyəti mövcuddur.


Şəxsi heyətin sayı rəsmi olaraq açıqlanmır. Qəbul prosesi son dərəcə sərtdir – fiziki normativlər, atıcılıq və taktiki testlər, psixoloji dayanıqlıq yoxlamaları əsas mərhələlərdir. Namizədlər əsasən ordu və digər güc strukturlarında xidmət təcrübəsinə malik şəxslər arasından seçilir.

Bölmə müasir silah sistemlərindən istifadə edir – müxtəlif platformalı avtomatlar, snayper tüfəngləri, səsboğuculu silahlar və xüsusi qumbaraatanlar. Zirehli nəqliyyat vasitələri əməliyyat təhlükəsizliyini artırır.


Son illərdə texnologiya əsas rol oynayır. Təchizatda:

Termal kameralar və gecəgörmə cihazları

FPV-dronlar və kəşfiyyat PUA-ları

Real vaxt rejimində məlumat ötürən sistemlər var.


Zərurət yarandıqda helikopter və digər aviasiya vasitələrindən də istifadə olunur.

“Alfa” əməkdaşlarının şəxsiyyəti ciddi şəkildə qorunur. Bir çox üzv beynəlxalq təlim proqramlarında iştirak edərək NATO standartlarına uyğun hazırlıq keçib.

Nəticə etibarilə, “Alfa” qrupu bu gün Ukraynanın təhlükəsizlik arxitekturasında həm antiterror, həm də genişmiqyaslı müharibə şəraitində xüsusi əməliyyatlar həyata keçirən elit və çevik struktur kimi çıxış edir.

Nicat Osmanlı

tag: Ukrayna,SBU,Alfa,Kiyev,KQB,DTK,Todaypress.tv,