Hərbi xidmət qaydaları dəyişdi: Bilik gücə çevriləcək – Ekspert

Hərbi

18.02.2026 13:37

Ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan gənclərin həqiqi hərbi xidmətini Milli Müdafiə Universitetinin nəzdindəki intellektual bölmələrdə keçməsi nəzərdə tutulub. 


Bu barədə TodayPress TV-yə danışan Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bununla yüksək intellektə malik Azərbaycan gənclərinin eyni bölmənin tərkibində öz ixtisasları üzrə vətənimizə, dövlətimizə və ordumuza fayda verə biləcək fəaliyyətlər həyata keçirməsi üçün münbit şərait yaradılacaq:


"İntellektual gənclərimiz istənilən şəxsin yerinə yetirə biləcəyi sadə vəzifələri icra etməkdənsə, bir çoxunun bacarmadığı işləri həyata keçirəcəklər. Digər tərəfdən, eyni ixtisas üzrə onlarla intellektual gəncin bir arada olması yeni təkliflərin və layihələrin ortaya çıxmasına səbəb olacaq. Bu təkliflər nəticəsində isə bəlkə də həm müdafiə sənayemiz, həm də mülki sənayemiz kifayət qədər ciddi məhsullar istehsal edə biləcək".

Daha əvvəl də dəfələrlə belə təkliflərlə çıxış edən ekspert bu addımı doğru hesab edir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ədalət Verdiyev,Hərbi ekspert,Təhsil,Hərbi xidmət,Todaypress.tv,