Arazdan sonra Azərbaycanın ən böyük dərdi Şəhriyarın Bakıya qovuşmaması idi...
Sovet dövründə, 1967-1968-ci illərdə Molla Pənah Vaqifin 250 illik yubileyi qeyd olunurdu.
Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovun təşəbbüsü ilə Sov.İKP MK-ya müraciət edilmiş, tədbir 1968-ci ilin payızında Bakıda keçirilmişdi. Yubileyə SSRİ respublikalarından, eləcə də Bolqarıstan, Polşa, Kuba, Rumıniya, Almaniya Demokratik Respublikası, Türkiyə, İran və digər ölkələrdən qonaqlar dəvət olunmuşdu.
Bu siyahıya Cənubi Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyar da salınmışdı. Onun dəvət olunması üçün xüsusilə şair Məmməd Araz böyük səy göstərmişdi. Məmməd Araz Moskvaya bir neçə dəfə müraciət etmiş, Şəhriyarın böyüklüyünü vurğulamış, hətta onun Azərbaycanda qalması xərclərini öz cibindən ödəyəcəyini bildirmişdi. Moskvadan razılıq gələndən sonra rəsmi dəvətnamə hazırlanmışdı. Proqramda hətta Şəhriyarın Səməd Vurğunun “Vaqif” poeması əsasında qurulmuş tamaşaya baxışı və çıxışı da nəzərdə tutulmuşdu.

Lakin səfər baş tutmadı. Dəvətnamə "səhvən" başqa ünvana göndərilmişdi. Məktub Məhəmmədhüseyn Şəhriyarın adına yox, Pakistanın Şəhriyar adlı bir şairinə ünvanlanmışdı.
Bu, poçt səhvi kimi təqdim olunsa da, məqsədli əngəl olduğu aydın idi.
Məmməd Araz İran səfirliyinə dəfələrlə zəng etsə də, məktubun çatmadığını öyrənmişdi. Bəzi izahlara görə, maneə törədənlər arasında Yazıçılar Birliyindəki “qoca şairlər”– bolşevik rejiminə yaxın, Vaqif haqqında əsərlər yazanlar olmuşdu. Çünki Şəhriyar kimi güclü bir şəxsiyyət onların kölgədə qalmasına səbəb ola bilərdi.
Şəhriyarın portretinin ilk müəllifi rəssam Fəxrəddin Əli də bu hadisəni təsdiqləyən şəxslər sırasında idi.
O, deyir: "Dəvət göndərildi, Şəhriyara amma imkan vermədilər gəlsin. Gənclər Şəhriyarı o qədər sevir, yolunu gözləyirdilər ki, onu çiyinləri üzərində daşıyacaqlarını dilə gətirmişdirlər. Bu da ürəklərində qaldı..."

Məmməd Araz bu hadisədən sonra çox sarsılmış və məşhur “Gəlmədi” şeirini yazmışdı:
Ümidlər yollara sərili qaldı,
Bu ağır xəbərdən, bu nəs xəbərdən.
Güllər güllüklərdə dərili qaldı,
Şəhriyar gəlmədi...
Şəhriyar yollanır Azərbaycana,
Yol hanı, yol hanı Azərbaycana?
Bu da Təbriz-Bakı səddinin, soyuq Araz ayrılığının növbəti həlqəsi idi. Şəhriyar Şimalın həsrətini yalnız misralarında yaşadan, arzusu gözündə qalan nakam şair olaraq tarixə keçdi. Məmməd Arazın sızıltılı misralarında qaldığı kimi – Şəhriyar gəlmədi... Amma onun ruhu misralarında bütün qapalı yolları, tikanlı məftilləri çoxdan fəth etmişdi.
Jalə Rövşən