Hulusi Akardan Azərbaycanla bağlı çağırış: “Həddinizi bilin!”
Türkiyənin keçmiş milli müdafiə naziri, deputat Hulusi Akar Azərbaycan və Prezident İlham Əliyevə qarşı səsləndirilən tənqidlərə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə paylaşımında Azərbaycan və Türkiyənin qardaş ölkələr olduğunu vurğulayaraq, iki ölkə arasında münasibətlərə zərər vurmağa çalışanları məsuliyyətli davranmağa çağırıb.
Akar qeyd edib ki, Azərbaycan müstəqil və suveren dövlətdir və heç kimin ölkənin daxili işlərinə və xarici siyasətinə müdaxilə etmək hüququ yoxdur.
O, Azərbaycanın Türkiyəyə yatırımlarının milyonlarla Türkiyə vətəndaşı üçün iş imkanları yaratdığını, ölkənin yanğınlar və təbii fəlakətlər zamanı, xüsusilə 2023-cü il fevralın 6-da baş verən zəlzələlərdən sonra Türkiyəyə yardım göstərən ilk ölkələrdən biri olduğunu xatırladıb. Akar Azərbaycanın Kahramanmaraşda yüzlərlə ev və iş yerinin inşasına dəstək verdiyini bildirib.
Keçmiş nazir Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının inkişafı və möhkəmləndirilməsi istiqamətində səylərini də xüsusi qeyd edib. Onun sözlərinə görə, 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən sammit Türk Şurasının yaradılmasında mühüm rol oynayıb.
Akar, həmçinin İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) beynəlxalq səviyyədə tanınması və Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu əldə etməsi üçün göstərdiyi səylərə diqqət çəkib. O, parlamentlərarası dostluq qrupunun 2025-ci ildən fəaliyyət göstərdiyini qeyd edərək, ŞKTC ilə Azərbaycan qədər yaxın və qardaş münasibətlərə malik başqa ölkənin olub-olmadığını sual edib.
Hulusi Akar Azərbaycan-İsrail münasibətlərinə də toxunub. O, bu əlaqələrin siyasi və strateji əməkdaşlığa əsaslandığını bildirib. Akarın sözlərinə görə, İsrail İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana müasir silahlar verib, eləcə də beynəlxalq platformalarda Azərbaycanın mövqeyini dəstəkləyib.
Azərbaycan-Fələstin münasibətlərindən danışan Akar Azərbaycanın 1992-ci ildə Fələstini tanıdığını, 2011-ci ildə Bakıda Fələstin səfirliyinin açıldığını və səfirliyin xərclərinin Azərbaycan hökuməti tərəfindən qarşılandığını vurğulayıb. O, Azərbaycanın paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini, 2023-cü ildə Ramallahda Azərbaycan səfirliyinin fəaliyyətə başladığını və Qəzzaya humanitar yardım göstərildiyini bildirib.
Akar, həmçinin Azərbaycanın Qəzzadan 14 tələbəni təhsil almaq üçün ölkəyə gətirdiyini qeyd edib. Bununla yanaşı, o, Azərbaycanın torpaqlarının 30 il işğal altında olduğu dövrdə Fələstin dövlətinin Ermənistanın yanında olduğunu iddia edib.
Paylaşımının sonunda Hulusi Akar hər kəsi Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinə zərər vura biləcək açıqlamalara qarşı diqqətli olmağa çağırıb.
O vurğulayıb ki, müstəqil və suveren Azərbaycanın daxili işlərinə, eləcə də digər ölkələrlə münasibətlərinə müdaxilə etmək heç kimin haqqı deyil.
Kübra Musayeva