Yunanıstanda 24 saatlıq tətil: Bütün qatar marşrutları dayandırılır
Dünya
17.11.2025 19:30
Yunanıstanda elan olunan ümummilli tətil çərçivəsində ölkənin bütün dəmir yolu şəbəkəsində qatarların hərəkəti tamamilə dayandırılacaq.
TodayPress TV xəbər verir ki, bu barədə "Kathimerini" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Panhellenik Dartma İşçiləri Həmkarlar İttifaqı və Yunanıstan Dəmir Yolu İşçiləri Həmkarlar İttifaqının 18 noyabr üçün elan etdiyi 24 saatlıq tətil səbəbindən bütün marşrutlar ya ləğv olunacaq, ya da dəyişdiriləcək.
"Hellenic Train" şirkətinin əməkdaşları sənaye sahəsindəki bir sıra problemlərə şirkət rəhbərliyinin “sistemli biganəliyi”nə etiraz olaraq tətilə çıxıblar. Həmkarlar ittifaqları bildirir ki, qatarların gecikməsi, köhnə vaqonlar, əsassız işçilərin ixtisarı, kadr çatışmazlığı və iş şəraitinin ağırlaşması ciddi narazılıq doğurur. Açıqlamada vurğulanır ki, kadr çatışmazlığı iş yükünü artırır, yorucu iş qrafikləri yaradır və həm işçilərin, həm də sərnişinlərin təhlükəsizliyini riskə atır.
Qeyd edək ki, noyabrın 17-də Yunanıstan ABŞ-dən LNG tədarükünün ətraf mühitə və büdcə ilə bağlı təsirlərini qiymətləndirib. Bundan əvvəl isə ölkədə elektron pasportların tətbiqinə qarşı etiraz aksiyası keçirilmişdi.
Türkan İsgəndərli
tag: Yunanıstan,Tətil,Qatar,ABŞ,Todaypress.tv,
