Ukraynada Qolodomor qurbanlarının xatirəsi anılır
Dünya
22.11.2025 11:15
Noyabrın 22-də Ukraynada 20-ci əsrdə baş vermiş kütləvi aclıq – Qolodomor qurbanlarının xatirəsi anılır.
TodayPress TV “Ukrinform”a istinadən xəbər verir ki, anım günü prezidentin 1998 və 2007-ci illərdə imzaladığı sərəncamlara əsasən hər il noyabrın dördüncü şənbə günü keçirilir.
Ukrayna tarixi boyunca üç böyük aclıq yaşayıb: 1921–1923, 1932–1933 və 1946–1947-ci illərdə. Onlardan ən dəhşətlisi 1932–1933-cü illərdə baş verib və Stalin rejiminin Ukrayna xalqına qarşı həyata keçirdiyi soyqırım kimi tanınıb. Bu dövrdə kollektivləşmə, taxıl müsadirəsi və kənd yerlərində repressiyalar nəticəsində 4 milyona yaxın insan həyatını itirib.
Aclıqdan əvvəl kəndlilərin taxıl və digər ərzaq ehtiyatları müsadirə olunub, qida ticarəti qadağan edilib və bölgəni tərk etmək yasaqlanıb. Sakinlər uzun müddət ərzaqsız qaldıqları üçün müxtəlif əvəzedici məhsullar yeməyə məcbur olublar.
Qolodomor mövzusu onilliklər boyu Sovet hakimiyyəti tərəfindən gizlədilib və yalnız 1980-ci illərin sonlarında araşdırılmağa başlanılıb. 2006-cı ildə Ukrayna parlamenti 1932–1933-cü illərin Qolodomorunu soyqırımı kimi tanıyıb. Hazırda 29 ölkə və bir neçə beynəlxalq təşkilat bu faciəni rəsmi şəkildə soyqırım kimi qəbul edib.
Bu gün ölkə üzrə anım tədbirləri keçirilir, saat 16:00-da ümummilli sükut elan olunacaq və ukraynalılar ənənəvi olaraq evlərində xatirə şamları yandıracaqlar.
Jalə Rövşən
tag: Ukrayna ,Qolodomor,Qurban,Anım,Todaypress.tv,
