Türkiyədə mədən uçqunu: 5 işçi öldü, 9 nəfər saxlanıldı
Türkiyənin Manisa vilayətinin Soma rayonunda mədəndə uçqun baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 5 mədənçi həyatını itirib.
Dağıntılar altında ümumilikdə 7 nəfər qalıb. Onlardan 2-si xilas edilib. Yaralılardan biri xəstəxanaya yerləşdirilib, digəri isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hadisənin səbəbi hələlik məlum deyil. "Anadolu" agentliyinin məlumatına görə, qəza ilə bağlı mədənin baş meneceri də daxil olmaqla 9 nəfər saxlanılıb.
Qeyd edək ki, Soma Türkiyənin ən ağır mədən faciələrindən birinin baş verdiyi ərazi kimi tanınır. 2014-cü ilin mayında burada baş verən yanğın nəticəsində 301 mədənçi həlak olmuşdu.
Faciədən sonra ölkədə geniş etirazlar keçirilmiş, mədəndə təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı ciddi tənqidlər səsləndirilmişdi.
Türkan İsgəndərli