Tramp Venesuelada gizli hərbi əməliyyatlar keçirilməsinə icazə verdi
Dünya
19.11.2025 11:42
ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin Venesuelada gizli hərbi əməliyyatlar keçirməsinə icazə verib.
TodayPress TV xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.
Bildirilib ki, Tramp son vaxtlar gərginlik yaşadığı Venesuelaya qarşı mümkün hərbi əməliyyata hazırlıq üçün əlavə tədbirləri təsdiqləyib. Həmçinin Trampın Karakas administrasiyası ilə qeyri-rəsmi danışıqların yeni mərhələsini təsdiqlədiyi və bu danışıqlar zamanı Venesuela Prezidenti Nikolas Maduronun istefa edə biləcəyinə işarə etdiyi iddia edilib.
Xatırladaq ki, ABŞ prezidenti daha əvvəl imzaladığı sərəncam çərçivəsində Latın Amerikası narkotik kartelləri ilə mübarizə üçün ordudan istifadənin artırılması və daha effektiv istifadə edilməsi barədə göstəriş verib. Bu kontekstdə ABŞ avqustun sonlarında sualtı qayıqlar və döyüş gəmilərindən ibarət dəniz qüvvələrini Venesuela sahillərinə göndərib.
Buna cavab olaraq Venesuela prezidenti Maduro ölkədə 4,5 milyon milis qüvvəsini səfərbər etdiyini və istənilən hücumu dəf etməyə hazır olduğunu açıqlayıb.
ABŞ-nin Venesuela sahillərində narkotik qaçaqmalçılığı üçün müəyyən qayıqları hədəf almağa davam etməsi həm yerli hökumətin, həm də beynəlxalq ictimaiyyətin tənqidinə səbəb olub, bəziləri isə hücumların “beynəlxalq hüquqa zidd” olduğunu iddia edib.
Qeyd edək ki, ABŞ-nin “narkotik ticarəti ilə mübarizə” səbəbi ilə göndərdiyi dünyanın ən böyük təyyarə gəmisi "USS Gerald R. Ford" və hücum qrupunun Latın Amerikası bölgəsinə çatdığı bildirilib.
Aysel Mətləb
tag: ABŞ,Tramp,Venesuela,İcazə,Todaypress.tv,
