Tramp 3 ölkəyə qarşı hərbi əməliyyatlar keçirə bilər

Dünya

04.01.2026 12:30

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun həbsi ilə nəticələnən son əməliyyatı şərh edərkən daha üç ölkəyə – Kuba, Kolumbiya və Meksikaya qarşı hərbi əməliyyatların mümkünlüyünü gündəmə gətirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Tramp çıxışında bu ölkələrin rəhbərliyini sərt tənqid edib. O, Kubanı “uğursuz ölkə” adlandıraraq, həm adanın, həm də qaçqınların “xalqına kömək etmək” niyyətində olduqlarını bildirib.

Ağ Ev rəhbəri Kolumbiya Prezidenti Qustavo Petronu narkotik qaçaqmalçılığında iştirak etməkdə ittiham edib və ölkədə “ən azı üç böyük kokain fabrikinin” fəaliyyət göstərdiyini iddia edib. Tramp, həmçinin Meksikanın seçilmiş Prezidenti Klaudiya Şeynbaumun deyil, ölkənin “narkotik kartelləri tərəfindən idarə olunduğunu” deyib. Şeynbaumun isə ABŞ-nin “kartelləri məhv etmək” təklifini rədd etdiyi bildirilir.

Qeyd edək ki, 3 yanvarda ABŞ Karakasda hərbi əməliyyata başlayıb. Əməliyyat nəticəsində Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı saxlanılaraq məhkəmə üçün Nyu-Yorka aparılıb. Tramp ABŞ-nin Venesuelada keçid dövründə idarəetməni öz üzərinə götürdüyünü elan edib.

Türkan İsgəndərli

TodayPress TV 

tag: ABŞ,Tramp,Əməliyyat,Hərbi,Todaypress.tv,