Tokio Hörmüzlə bağlı mövqeyini açıqladı

Tokio Hörmüzlə bağlı mövqeyini açıqladı
16.07.2026 09:54 Dünya

Yaponiya Yaxın Şərqdə neft kəməri infrastrukturunun modernləşdirilməsi və genişləndirilməsi layihələrinə dəstək imkanlarını təhlil etmək niyyətindədir. Bu layihələr Hörmüz boğazından yan keçməklə neft tədarükünün həcmini artırmağa imkan verə bilər.

TodayPress TV "NHK" ya istinadən xəbər verir ki, bu barədə Yaponiya Yanacaq Assosiasiyasının rəhbəri, eyni zamanda "Idemitsu Kosan" şirkətinin rəhbəri Şuniti Kito  mətbuat konfransında bildirib.  

"Yaxın Şərqdə vəziyyət qeyri-sabit olaraq qalmaqda davam edir və bu, narahatlıq doğurmaya bilməz", – deyə o bildirib. 

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri neft kəməri sistemlərinin ötürmə qabiliyyətinin artırılması istiqamətində iş aparırlar. Bu sistemlər karbohidrogen xammalının Hörmüz boğazından keçməyən marşrutlarla daşınmasını təmin edir.

O bildirib ki, bu ölkələrin rəhbərliyi Yaponiya tərəfini həmin layihələrdə iştiraka cəlb etmək təşəbbüsü ilə çıxış edib. Kito əlavə edib ki, assosiasiya bu məsələni ölkə hökuməti ilə birgə araşdırmağı planlaşdırır.

"Səudiyyə Ərəbistanı və BƏƏ Hörmüz boğazından keçməyən tədarük marşrutları üzrə variantlar təqdim ediblər. Əgər idxalın əhəmiyyətli hissəsini həmin marşrutlara yönəltmək mümkün olarsa, bu, fasiləsiz təchizatın təmin edilməsi baxımından müstəsna əhəmiyyət daşıyacaq", – deyə Kito vurğulayıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər