Texas gücləndirilir: ABŞ Meksika sərhədinə hərbçilər yerləşdirdi
Texas ştatında Meksika ilə sərhəd yaxınlığında təxminən beş yüz amerikalı hərbçi yerləşdirilib.
TodayPress TV "Report"a istinadən xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyi və Hərbi Dəniz Qüvvələri Nazirliyinin birgə bəyanatında bildirilir.
Amerikalı hərbçilər "Alovlu avanqard" əməliyyatı çərçivəsində Rio-Qrande çayı vadisi ərazisində yerləşirlər. Meksika tərəfinin məlumatına görə, tədbirlər sərhəd təhlükəsizliyinin gücləndirilməsinə və potensial təhlükələrin müəyyən edilməsinə yönəlib.
Öz növbəsində, Meksika Hərbi Dəniz Qüvvələri sərhədyanı Matamoros şəhərinə yüz əlli doqquz hərbçi, on bir nəqliyyat vasitəsi və iki dron göndərib.
Mexikoda bəyan edilib ki, iki ölkə arasında əməkdaşlıq suverenliyə hörmət və qarşılıqlı etimad əsasında həyata keçirilir.
Gültac Mehdizadə