Soçidə Rusiyanın HHM mövqeyi və neft bazası vuruldu - VİDEO
Rusiyanın Soçi şəhərində və Sirius federal ərazisində kütləvi PUA hücumu qeydə alınıb.
TodayPress TV xəbər verir ki, Krasnodar diyarı əməliyyat qrupunun məlumatına görə, hücum zamanı dron qalıqları müxtəlif ərazilərdə tapılıb.
İlkin məlumata əsasən, xəsarət alan olmayıb.
Bir neçə yaşayış binasında pəncərələr sınıb, bəzi yerlərdə isə yanğın baş verib. Yanğınların qısa müddətdə söndürüldüyü bildirilib.
Bundan başqa, Soçidəki neft anbarında da dron hücumu nəticəsində yanğın başlayıb. Hadisə yerində təcili yardım və xüsusi xidmət əməkdaşları işləyir.
Sakinlərə PUA-ların və hava hücumundan müdafiə sistemlərinin görüntülərini çəkməmək, yalnız rəsmi məlumatlara etibar etmək tövsiyə olunub.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 2-də Ukrayna Silahlı Qüvvələrinin üç neft emalı zavoduna hücuma cəhd etdiyini açıqlamışdı. O, hücumların dəf edildiyini bildirib.
Rusiya rəsmiləri son günlər ölkənin müxtəlif bölgələrinə yüzlərlə PUA ilə hücumların qarşısının alındığını açıqlayıblar.
Türkan İsgəndərli