Dindarlara normadan artıq azadlıq vermək olmaz - İlahiyyatçıdan hicab müzakirəsi ilə bağlı sərt sözlər
Son günlər Azərbaycanda vahid məktəbli geyimi haqqında xəbərlərdən sonra qardaş Türkiyənin sosial şəbəkələrində hicab və dini mövzular üzərindən Azərbaycana qarşı sosial media kampaniyaları aparılır.
Müzakirələrdə Azərbaycanın daxili siyasəti və dini azadlıqlarla bağlı müxtəlif iddialar səsləndirilir.
Bəs bu məsələnin kökündə duran əsas səbəb nədir? Mövzu həqiqətən də hicabdırmı?

Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan TodayPress TV-yə danışıb.
O vurğulayıb ki, Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Bu baxımdan, geyim formalarının, o cümlədən standart məktəbli formasının qəbul edilməsi nəzərdə tutulursa, bunu dinə qarşı yönəlmiş bir addım kimi təqdim etmək düzgün deyil:
“Qanunda dini normalardan, hicabdan və ya başqa xüsusi geyimlərdən bəhs olunmur. Burada ümumi, vahid məktəbli formasından söhbət gedir”.
Onun sözlərinə görə, bəzi xarici təsirlərə uyğun olan şəxslər istiqamətlərini dəyişərək qanunu təhrif etməyə və cəmiyyətdə müəyyən dəyişiklik yaratmağa çalışırlar:
“Türkiyə kimi qardaş dövlətlərdə, qonşu ölkələrdə sanki burada dini hüquqların pozulduğu görüntüsünü yaratmağa çalışırlar. Bu, tamamilə yanlışdır. Media və mətbuat vasitəsilə bu qanunun nəyə xidmət etdiyini göstərmək lazımdır. Türkiyə kimi bəzi ölkələrdə xarici təsirlər altında olan icmaların bunu yanlış istiqamətə yönəltməsi müşahidə olunur. Bu, dinə qarşı olan bir addım deyil. Qanunun özündən də göründüyü kimi, bu, dünyəvi dövlətin tələbləridir ki, təhsil dünyəvi olsun. Dünyəvi təhsilin tələblərindən biri də vahid məktəbli geyiminin olmasıdır.
Bəzi mühafizəkar şəxslər övladlarının hicabdan uzaqlaşmasını önə çəkirlər. Əgər bu məsələ şişirdilirsə, burada başqa tərəfi də demək lazımdır. Açıq-saçıq geyinənlərə də biz rast gəlirdik. Son dövrlərdə bu, geniş vüsət almışdı. Müxtəlif əcaib formalarda, üzr istəyirəm, bədənin intim nahiyələrinin görünüşünü müxtəlif geyimlərlə nümayiş etdirən, açıq-saçıq, bir növ müğənni və artist geyimində məktəbə gələnlər də vardı”.
İlahiyyatçı bildirib ki, vahid məktəbli geyimi sözügedən halların da qarşısının alınmasına xidmət edir:
“Milli mentalitetimiz də burada nəzərə alınmalıdır. Azərbaycanda inanc azadlığı, etiqad azadlığı təmin edilib. Vahid geyim forması dünyada təhsil sisteminin standart tələblərindən biridir”.
Ekspert hesab edir ki, son araşdırmalar əsasında İranla bağlı əməliyyatların yaratdığı gərginlikdən istifadə edən bəzi xarici təsirlər altında olan şəxslər, qruplar və qruplaşmalar regionda radikallığa və mühafizəkarlığa start veriblər:
“Bu, bizim başımıza gələnlərdə hiss olunmaqdadır. Müxtəlif təxribat xarakterli mövzular ortaya atırlar ki, insanları əsas hədəfdən və məqsəddən yayındırsınlar və sanki belə bir görüntü yaratsınlar ki, guya dini hüquqlar məhdudlaşdırılır.
Əksinə, mən deyərdim ki, Azərbaycandakı dini tolerantlıq, milli-mənəvi və dini dəyərlərə, dini abidələrə göstərilən diqqət və qayğı bir çox dövlətlərdə yoxdur. Effektiv deyilmi ki, işğaldan azad olunan torpaqlarımızda ilk növbədə dini abidələrin təmir edilməsinə və tikilməsinə start verildi? Buna görə də burada dini hüquqların məhdudlaşdırılması ilə bağlı hansısa cinayətlərdən danışmaq qətiyyən uyğun məsələ deyil”.
Tural İrfan bunun orta məktəblərdə vahid qayda olduğunu xatırladıb:
“Bəzi insanların belə yanaşması dini öyrənməməsindən, dinin mahiyyətini anlamamasından irəli gəlir. Bəzilərinin də, təbii ki, bilərəkdən təxribat xarakterli, şantajçı mövqe tutaraq sanki Azərbaycan dövlətini ittiham etmək qərəzi dayanır. Mən hesab edirəm ki, bu, səhvdir.
Ola bilsin ki, Türkiyə cəmiyyəti daxilində də xarici təsirlər altında olan təşkilatlar, icmalar və fərdlər məsələni yanlış formada təqdim edirlər. Bunun nəticəsində belə bir təəssürat yaranıb ki, guya Azərbaycanda hicaba məhdudiyyət qoyulur.
Bu, tamamilə yanlış və müəyyən mənada qərəzli mövqedir. Gərək Türkiyəyə də düzgün şəkildə aydınlaşdırılsın ki, burada heç bir dini məhdudiyyətdən söhbət getmir.
İkinci bir tərəfdən də düzdür, hərçənd ki, bizim dövlət dəyərlərimiz yaxındır, dostluğumuz, soykökümüz eynidir, dinimiz birdir, qardaş dövlətik. Amma hansısa dövlətin başqa dövlətin daxili işlərinə qarışması, ona qarşı çıxması doğru deyil və bu, qanunla da uyğun deyil. Mən düşünmürəm ki, bizim tərəfdən qəbul edilmiş bu qanuna belə təsirlər və təhlükələr olsun. Ola bilsin ki, müxtəlif media qurumlarında, yenə deyirəm, xarici təsirlər altında olan qruplar da var. Həmin qruplar ölkə daxilində bu cür təxribatlar yaradırlar ki, iki ölkə arasındakı münasibətləri pozsunlar.
Xüsusən bu cür radikal, mühafizəkar, ekstremist addımlar buna əsas verir. Daha doğrusu, Türk Dövlətləri Təşkilatının təşkilatlanması, onların konfranslarının fəaliyyəti, hətta din xadimlərinin birgə toplantılarının keçirilməsindən sonra körüklənən bu məsələlər onu göstərir ki, məhz birləşməkdə olan, hətta ortaq əlifba və dil qurmaq istiqamətində addımlar atan, din xadimlərinin vəhdətdə mənəvi layihələr yaratdığı bu birliyi pozmağa çalışan qüvvələr var”.
Onun qənaətincə, burada “fars barmağı” var:
“Qərbdən də fərqli səlibçi dairələrin maraq və məqsədi var ki, bu birliyi pozsunlar, ayırıcı və bölücü qüvvələr ortaya çıxarsınlar.
Bir qədər əvvəl Səfəvilər məsələsinin qabardılması da bununla bağlı idi. Çünki bəzi mənada məzhəb fərqləri olub, amma indi o, tarixin keçmişdə qalmış hadisələridir. Osmanlı-Səfəvi müharibələrini gündəmə gətirdilər, tarixdən eşələyib çıxardılar. Bax, bunların hamısı Türkiyə ilə münasibətləri, Türk dövlətlərinin öz aralarındakı münasibətləri pozmağa yönəlmiş addımlardır.
Nə yazıq ki, bizdən çox bəzi dırnaqarası alimlər də, ictimai-siyasi xadimlər də həmin xarici təxribatlara bilə-bilə və ya bilmədən qoşulmuşdular.
İndi burada da əsas məsələ odur ki, indiki vahid məktəbli geyiminin qəbul edilməsi ilə bağlı da eyni vəziyyət hiss olunur. Sosial şəbəkələrdə, mediada bu cür təxribatları irəli sürənlər, bu cür şüarlar səsləndirənlər araşdırılsa da, araşdırılmasa da bilinir ki, bunlar xarici təsirlər altındadırlar.
Əsasən İranın təsirində olan, başqa dövlətlərin quruluşlarına xidmət edən adamlardır ki, onların mənafeyini burada müdafiə edirlər. Məhz bu cür münasibətləri korlamaq üçün sanki onların əlinə düşüb ki, burada guya dini hansısa hökm var. Bu, qətiyyən yanlışdır, yol verilməzdir. Heç cür, necə deyərlər, qəbul etmək olmaz”.
Müsahibimiz düşünür ki, dini inanclı şəxslərə normadan artıq hüquqlar tanınıb və bu da fəsadlara gətirib çıxarır:
“Bəli, mən belə deyərdim, buna mənim əlimdə əsaslarım da var. Müxtəlif azadlıqların, hüquqların normadan artıq olması nəticəsində bəzi qruplar yaranıb, xarici təsirlər altında olan adamlar meydana çıxıb, son dövrlərdə məzhəbçilik artıb. Bax, bunun hamısı bu dini azadlıqların normadan artıq olmasının təsiridir, mən belə düşünürəm.
Nəinki burada hansısa dini hökmlər, ümumiyyətlə, bundan söhbət gedə bilməz. İnsanlar öz ayinlərini, ibadətlərini evində, məscidlərdə, ibadət yerlərində, harada istəsə, keçirə bilirlər. Ancaq təhsil müəssisəsində vahid qaydanın olması vacibdir. Dinimiz də bunu belə götürmür. Din də buyurur ki, xaos etmək olmaz, etiraz etmək olmaz, rəhbərliyə tabe olmaq lazımdır”.
Ekspert əlavə edib ki, başqa peşə sahələrində də uniforma geyinilir və dünyada bu, sabit qaydalardan biridir:
“Hətta teokratik dövlətlərdə belə bu standartlar var. Polisin öz geyimi var, hərbçinin öz geyimi var, məktəblinin öz geyimi var. Əks halda, haqqımızda bərabərlik pozulmuş olar. Bərabərliyi və həmrəyliyi dinimizlə yanaşı qanunlarımız da əsas götürür.
Bu sosial yetkinliyi və təhsil səviyyəsini qorumaqdan ötrü də standart vahid geyim forması saxlanılır. Burada heç bir problem yoxdur.
Dinimizdə də zərurət deyilən məqamlar var ki, bu zərurət məqamında, ehtiyac baxımından fərqli şəriət hökmləri belə öz qüvvəsini əldə edə bilir. Bunu din xadimləri, din alimləri də çox gözəl bilirlər.
İnsan zamanın, şəraitin vəziyyətinə, insanın düşdüyü situasiyalara görə, deyək ki, hicabdan istifadə etməmək də onlara görə bir zaman ərzində mümkündür. Tutalım ki, 5-6 saat dərsdə olduğu müddətdə vahid məktəbli geyiminə ehtiyacı var.
Bəli, bu, dinin radikal, mühafizəkar tələbi olaraq irəli sürülürsə ki, bu insanlar bu geyimdə getməlidirlər, onda digərləri də öz geyimində gəlməyi önə sürə bilər.
Onda hərə öz paltarında gəlsə, hərə özünə uyğun geyinsə, deyək ki, biri açıq-saçıq, digəri isə tam başörtülü olsa, bu artıq təhsil sistemini də pozmuş olar. Dinimiz də bu cür xaotik vəziyyətin əleyhinədir.
Ona görə hesab edirəm ki, bu qəbul edilmiş qanun ətrafında müzakirələr normal aparılmalıdır və bu, birinci növbədə bizim cəmiyyətə düzgün çatdırılmalıdır ki, xarici təsirlər altında olan bəzi mühafizəkarlar bundan sui-istifadə edərək qanun pozuntusuna səbəb olub, bunu sanki İslamın müdafiəsi kimi təqdim etmişdilər”.
Din xadimi bildirib ki, Türkiyə cəmiyyətinə də bu xüsuslarda, xüsusən media vasitəsilə və digər qurumlar vasitəsilə aydınlıq gətirilməlidir. Aşılanmalıdır ki, bu, iki ölkə arasındakı münasibətləri pozmağa yönəlmiş addımdır və bu kimi məsələlərdən çəkinmək lazımdır.
Jalə Rövşən