SEPAH ABŞ-ni sərt cavabla hədələdi
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin yeni hücumları təkrarlayacağı halda sərt cavab veriləcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, SEPAH yaydığı bəyanatda ABŞ silahlı qüvvələrinin Bəndər-Abbas şəhəri yaxınlığında zərbələr endirməsindən sonra Vaşinqtonu hədələyib.
“Əgər bu addım təkrarlanarsa, ABŞ hərbçiləri sərt cavabla üzləşəcək”, - deyə “Sepah News” saytında yayımlanan bəyanatda bildirilib.
Məlumata görə, açıqlama regiondakı adı açıqlanmayan ABŞ bazasına raket hücumundan sonra verilib.
Eyni zamanda ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) İranı Küveytə raket zərbəsi endirməkdə ittiham edib. Bildirilib ki, raket ABŞ Müdafiə Nazirliyinin istifadə etdiyi “Əli Əl-Səlim” aviabazasının yerləşdiyi istiqamətə buraxılıb.
CENTCOM-un açıqlamasında qeyd olunub ki, İranın atdığı ballistik raket Küveyt qüvvələri tərəfindən uğurla zərərsizləşdirilib.
Bəyanatda həmçinin vurğulanıb ki, İran qüvvələri bundan bir neçə saat əvvəl Hörmüz boğazı yaxınlığında təhlükə yaradan beş hücum pilotsuz uçuş aparatını da havaya qaldırıb.
Aysel Mətləb